1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayın canlı qüvvə və hərbi texnikasının birbaşa dəstəyi ilə Xocalı şəhərinə hücum edərək Azərbaycan xalqına qarşı ağır soyqırımı cinayəti törətdi. Bu hücumun əsas məqsədi Qarabağın dağlıq hissəsində azərbaycanlıların yaşadığı strateji əhəmiyyətli ərazini nəzarətdən çıxarmaqla yanaşı, Xocalını tamamilə məhv etmək idi. Çünki Xocalı əsrlər boyu Azərbaycan xalqının tarixini, mədəniyyətini və milli-mənəvi irsini özündə yaşadan mühüm yaşayış məntəqəsi olmuşdur.
Xocalının hədəf seçilməsi təsadüfi deyildi. Təxminən 7 min nəfərin yaşadığı şəhər Xankəndi şəhərindən 10 kilometr cənub-şərqdə, Qarabağ dağ silsiləsində, Ağdam–Şuşa və Əsgəran–Xankəndi yollarının kəsişməsində yerləşirdi. Qarabağ bölgəsində yeganə hava limanının da məhz Xocalıda olması şəhərin hərbi-strateji əhəmiyyətini daha da artırırdı. Bu ərazi qədimdən azərbaycanlıların məskunlaşdığı torpaq olmuş, zəngin tarixi-memarlıq abidələri günümüzədək qorunub saxlanmışdır.
Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı başladılan müharibənin mahiyyəti və Xocalıda baş verən hadisələr göstərir ki, bu faciə spontan deyil, azərbaycanlı əhaliyə qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş planlı zorakılıq siyasətinin tərkib hissəsi idi. Dinc sakinlərin yalnız milli mənsubiyyətlərinə görə amansızcasına qətlə yetirilməsi bu cinayətlərin soyqırımı xarakteri daşıdığını açıq şəkildə sübut edir.
XX əsrin ən dəhşətli insanlıq əleyhinə cinayətlərindən biri olan Xocalı faciəsinin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində siyasi əsasları ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş xətt bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl və qətiyyətlə davam etdirilir.
Bu siyasətin mühüm tərkib hissəsi olan “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası Qarabağ həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması baxımından düşünülmüş və effektiv strategiya kimi xüsusi əhəmiyyət daşıyır.
2020-ci ilin sentyabr–noyabr aylarında baş vermiş 44 günlük Vətən müharibəsi, eləcə də 2023-cü ilin sentyabrında həyata keçirilən birgünlük lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Ordusunun şücaəti sayəsində işğal altındakı torpaqlarımız, o cümlədən Xocalı rayonu azad edildi. 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Bayrağının ucaldılması tarixi ədalətin bərpasının rəmzinə çevrildi.
Hazırda işğaldan azad olunmuş bütün ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, eyni zamanda Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə təmin olunur.
Gülnaz Rüstəmova
YAP Babək rayon təşkilatının əməkdaşı