1992-ci il fevralın 25-dən 26-a keçən gecə qanunsuz erməni hərbi birləşmələri bütün beynəlxalq hüquq normalarını pozaraq 7 min əhalisi olan Xocalı şəhərinə girdi. Bu hücumla 613 dinc sakin vəhşicəsinə qətlə yetirildi, 1000 nəfər müxtəlif yaşlı sakin aldığı güllə yarasından əlil oldu, 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Xocalı soyqırımı nəticəsində yüzlərlə dinc sakin həyatını itirmiş, minlərlə insan ağır mənəvi və fiziki sarsıntılar yaşamışdır. Bu hadisə XX əsrin ən dəhşətli faciələrindən biri kimi qiymətləndirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: "Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər". Vətən müharibəsində qazanılan Zəfər Xocalı faciəsini törədən erməni cinayətkarlarının cəzalandırılmasının başlanğıcı oldu. Bu başlanğıc öz hüquqi davamını beynəlxalq məhkəmələrdə tapacaq.
Xocalı şəhəri Azərbaycanın Qarabağ bölgəsində geosiyasət baxımından, strateji əhəmiyyətli ərazidir. Digər amillər sırasında, bu önəmli faktor da erməniləri narahat edirdi. Çünki Xocalı Xankəndindən 10 km cənub−şərqdə, Ağdam−Şuşa və Əsgəran−Xankəndi yollarının arasında yerləşirdi. O cümlədən, Qarabağın vaxtı ilə yeganə hava limanının məhz burada yerləşməsi, şəhərin əhəmiyyətini artıran səbəblərdən biri idi. Bu səbəbdən Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran−Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən hava limanını ələ keçirmək idi.
2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi.Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.
İlkin Bağırov
YAP Babək rayon təşkilatının əməkdaşı