25 fevral 1992-ci il tarixdə saat 22 radələrində Ermənistandan Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirilmiş silahlı qüvvələr, xarici muzdlular və Dağlıq Qarabağın millətçi ermənilərindən təşkil olunmuş qanunsuz silahlı birləşmələri Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının şəxsi heyəti və hərbi texnikası ilə birgə Xocalı şəhərinə hücuma keçmiş, 90-dan çox tanklar, piyadaların döyüş maşınları, toplar, D-30 qaubitsası və digər müasir hərbi texnikadan istifadə olunmuşdur.
Bu faciə nəticəsində Xocalı sakini olan 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürülmüş, 8 ailə bütünlüklə məhv olunmuş və 487 nəfər şikəst edilmişdir. 1275 sakin - qocalar, uşaqlar, qadınlar girov götürülmüş, onlardan 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.
Qanunsuz erməni silahlı qüvvələri mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azərbaycanlıları milli mənsubiyyətlərinə görə yollarda, keçidlərdə, meşələrdə təqib edərək vəhşicəsinə məhv etmişlər. Ermənilərin, xarici muzdluların və 366-cı alayın hərbi qulluqçularının azərbaycanlılara qarşı törətdikləri aşağıdakı ağlasığmaz işgəncə faktları: baş dərisinin soyulması, gözlərin çıxarılması, insanların hərbi texnikanın tırtılları altında əzilməsi, qulaq, burun, cinsiyyət üzvlərinin kəsilməsi, erməni qəbrinin üstündə azərbaycanlının başının qurbanlıq kimi kəsilməsi, qadına, qocaya və uşağa da fərq qoymadan hamıya işgəncə verilməsi, qadınların döşlərinin kəsilməsi və s. insanlığa zidd, vəhşi üsullarla baş vermişdir.
Ermənilərin fasilələrlə, düşünülmüş və planlı şəkildə davam etdirdikləri hücumlar nəticəsində respublikamızın müxtəlif bölgələrində minlərlə günahsız insan vəhşicəsinə qətlə yetirilmiş, evləri yandırılmışdır.
Erməni silahlı birləşmələri 30 ilə yaxın işğal altında saxladıqları Qarabağın şəhər və kəndlərində, eləcə də digər bölgələrdə onlarca belə qırğınlar, terror hadisələri törətmişlər. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Terrorçu ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, şəhər və kəndlərimizi xarabalığa çevirmişlər. XX əsrin Xocalı faciəsi isə bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş, ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan soyqırımı aktıdır. Bu, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
Xocalı faciəsinə ilk layiqli siyasi qiymət 1994-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Faciə ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə düzgün təbliği və günahkarların layiqli cəzalandırılması istiqamətində ölkəmizin başçısı İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə əhəmiyyətli işlər görülür. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayaraq aparılan “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır. Xocalı soyqırımı hər il dünyanın 80-dən çox ölkəsində geniş şəkildə anılır və ictimaiyyətə çatdırılır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində rəşadətli Silahlı Qüvvələrimizin şücaəti sayəsində qərinələrcə Azərbaycan xalqına qarşı qırğınlar törədən, şəhərlərimizə, kəndlərimizə sahib çıxmaq istəyən, mülki əhaliyə əl qaldıran erməni işğalçıları üzərində qələbə qazanılmış, ölkəmizin ərazi bütövlüyü və suverenliyimizin tam təmin edilmişdir. Bununla da Azərbaycan torpaqlarının işğalına son qoyuldu, bütün şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının qisası alındı.
Bütün hərbi cinayətlərinə, eləcə də Xocalı soyqırımına görə erməni işğalçıları layiqli cəzalarını almaq üçün Bakı Hərbi Məhkəməsinin erməni terrorçularına çıxardığı qərar təkcə ədalətin bərpası deyil, həm də Azərbaycan xalqına böyük əzablar yaşatmış təxminən 30 illik münaqişənin simvolik və məntiqi yekunudur.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Xocalıda sürətli tikinti-quruculuq işləri gedir. 2026-cı il 19 yanvar tarixinə qədər Xocalı şəhəri və kəndlərinə cəmi 881 ailə, 3.602 nəfər köçürülmüşdür.
Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biri olaraq Azərbaycan xalqının milli yaddaşında əbədi yaşayacaqdır. Bu hadisə yalnız bir xalqın deyil, bütün bəşəriyyətin faciəsi kimi qiymətləndirilməlidir. Tarixi ədalətin bərpası, günahkarların cəzalandırılması və Xocalının yenidən qurulması Azərbaycan dövlətinin və xalqının ən mühüm vəzifələrindən biridir.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini