Azərbaycan tarixinin ən faciəli və ağrılı səhifələrindən sayılan Xocalı soyqırımından 34 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xalqımıza qarşı əvvəlcədən planlaşdırılmış, misilsiz qəddarlıqla həyata keçirilmiş bu kütləvi qırğın insanlıq tarixinə silinməz qanlı iz kimi düşüb. Həmin gecə erməni silahlı birləşmələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə müdafiəsiz və silahsız Xocalı şəhərinə hücum etdilər. Nəticədə 613 nəfər – o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl şəxs qətlə yetirildi. Səkkiz ailə tamamilə məhv edildi. “Böyük Ermənistan” xülyasına aldanmış radikal erməni millətçilərinin törətdiyi bu qanlı hadisə zamanı 487 nəfər yaralandı, 1275 mülki sakin əsir götürüldü, 150 nəfər isə itkin düşdü və onların taleyi bu günədək naməlum qalır.
Faciə zamanı 56 nəfər xüsusi amansızlıqla öldürülüb, 3 nəfər diri-diri yandırılıb, insanların baş dərisi soyulub, bədən üzvləri kəsilib, gözləri çıxarılıb, hamilə qadınlara qarşı vəhşiliklər törədilib. Şəhəri tərk etməyə çalışan sakinlər Naxçıvanlı və Pircamal kəndləri istiqamətində pusquya salınaraq atəşə tutulub, bir qismi qətlə yetirilib, digərləri isə əsir götürülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı faciəsini iki əsrdən artıq müddətdə erməni millətçilərinin xalqımıza qarşı həyata keçirdiyi soyqırımı siyasətinin qanlı səhifəsi kimi dəyərləndirib.
İşğal nəticəsində Xocalı şəhəri tamamilə dağıdıldı, 105 sosial obyekt, 3200-dən çox fərdi ev, 14 məktəb, 21 klub, 29 kitabxana, 3 mədəniyyət evi və tarix-diyarşünaslıq muzeyi məhv edildi. XIV–XV əsrlərə aid türbələr, memarlıq abidələri və qəbiristanlıqlar vandalizmə məruz qaldı. XX əsrin sonlarında baş vermiş bu hadisə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət kimi qiymətləndirilir.
Xocalı soyqırımı miqyasına və qəddarlığına görə Holokost, Sonqmi, Katın, Serebrenitsa kimi insanlıq tarixinin ən dəhşətli faciələri ilə bir sırada çəkilir. “Soyqırımı” anlayışının hüquqi mahiyyəti BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnaməsi ilə qəbul edilən “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada öz əksini tapıb, milli, etnik, irqi və ya dini qrupun tam və ya qismən məhv edilməsini ifadə edir. Xocalıda baş verənlər də məhz bu tərifə uyğun gəlir – insanlar azərbaycanlı olduqlarına görə kütləvi şəkildə öldürülmüşdülər.
Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması prosesi Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra sistemli xarakter aldı. Onun təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. Daha sonra imzalanmış fərmanlarla azərbaycanlılara qarşı törədilmiş deportasiya və soyqırımı cinayətlərinə hüquqi-siyasi qiymət verildi, tarixi yaddaşın bərpası istiqamətində mühüm addımlar atıldı.
Bu həqiqətlərin dünyaya çatdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondu mühüm rol oynayır. Fondun həyata keçirdiyi “Qarabağ həqiqətləri” layihəsi çərçivəsində müxtəlif dillərdə nəşrlər hazırlanaraq xaricdə yayılıb. Fondun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində tədbirlər, yürüşlər və anım mərasimləri təşkil olunub.
Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlar azad edildi. 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan təmizləndi. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalıda Azərbaycan bayrağını ucaltdı, 2024-cü il fevralın 26-da isə Xocalı Soyqırımı Memorialının təməlini qoydu.
Xocalı şəhəri və rayonun kəndlərində məskunlaşma prosesi ardıcıl və planlı şəkildə davam edir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı sürətlənib.
2026-cı il 19 yanvar tarixinə qədər Xocalı şəhəri və kəndlərinə ümumilikdə 881 ailə, yəni 3 602 nəfər köçürülüb. Onlardan 114 ailə (502 nəfər) Xocalı şəhərində məskunlaşıb. Rayonun Ballıca kəndinə 239 ailə (1058 nəfər), Xanyurdu kəndinə 123 ailə (431 nəfər), Təzəbinə kəndinə 139 ailə (609 nəfər), Şuşakənd kəndinə 114 ailə (428 nəfər), Badara kəndinə 58 ailə (220 nəfər), Seyidbəyli kəndinə 59 ailə (216 nəfər), Daşbulaq kəndinə isə 35 ailə (138 nəfər) köçürülüb. Bu rəqəmlər Böyük Qayıdış proqramının Xocalıda real nəticələr verdiyini göstərir.
Azad edilmiş ərazilərdə aparılan işlər və məskunlaşma prosesi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daim diqqətdə saxlanılır. Dövlət başçısının Xocalıya çoxsaylı səfərləri bölgənin dirçəldilməsinə verilən önəmin bariz nümunəsidir. Atılan bütün addımlar Xocalının sosial-iqtisadi həyatının bərpasına, məşğulluğun təmin edilməsinə və dayanıqlı məskunlaşmanın formalaşmasına xidmət edir. Bu gün Xocalı tədricən yenidən qurulan, həyatın qayıtdığı bir məkana çevrilir. Doğma yurdlarına dönən sakinlər üçün müasir infrastruktur yaradılır, yaşayış evləri, sosial obyektlər, istehsal müəssisələri istifadəyə verilir.
Beləliklə, Xocalı artıq təkcə tarixi faciənin deyil, həm də dirçəlişin və qayıdışın simvoluna çevrilməkdədir.
Pərvin Kərimzadə
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı