26 Fevral – Xocalı soyqırımı günü Azərbaycan xalqının yaddaşına qanla yazılmış ən dəhşətli tarixlərdən biridir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etmiş, dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törətmişdir. Bu hadisə təkcə bir şəhərin deyil, bütövlükdə Azərbaycan xalqının məhv edilməsinə yönəlmiş soyqırımı aktı kimi tarixə düşmüşdür. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır və bütün bəşəriyyətə qarşı törədilmiş tarixi cinayətdir”. Bu faciə, eyni zamanda, iki yüz ildən artıq müddətdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardıqları sistemli etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Faciə gecəsi Xocalı şəhərini tərk etməyə çalışan əhali əvvəlcədən qurulmuş pusqulara salınmış, Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni silahlı dəstələri tərəfindən qətlə yetirilmiş və ya əsir götürülmüşdür. Qadınlar, uşaqlar, qocalar xüsusi qəddarlıqla öldürülmüş, bir çoxu şaxtalı dağlarda donaraq həyatını itirmişdir. Rəsmi statistikaya əsasən, Xocalı soyqırımı nəticəsində 613 nəfər qətlə yetirilmiş, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olmuşdur. Səkkiz ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmiş, yüzlərlə insan yaralanmış, minlərlə sakin əsir və girov götürülmüşdür. Xocalıda törədilmiş cinayətlər “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” 1948-ci il BMT Konvensiyasına tam uyğun olaraq soyqırımı anlayışının bütün hüquqi elementlərini özündə ehtiva edir. Milli, etnik mənsubiyyətinə görə dinc əhalinin məqsədli şəkildə qətlə yetirilməsi, fiziki və mənəvi işgəncələrə məruz qalması, yaşayış mühitinin tamamilə məhv edilməsi açıq-aşkar soyqırımı niyyətinin mövcudluğunu sübut edir. Bu gün Xocalı faciəsini törədən, əli günahsız insanların qanına batmış şəxslərin Bakıda ədalət məhkəməsi qarşısında cavab verməsi tarixi ədalətin təntənəsidir. Onların qanun qarşısında məsuliyyətə cəlb olunması göstərir ki, heç bir cinayət cəzasız qalmır və Xocalı şəhidlərinin qisası yerdə qalmayıb. Azərbaycan dövləti beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq cinayətkarların məsuliyyətə cəlb edilməsini qətiyyətlə təmin edir. Xocalı şəhəri işğal nəticəsində yerlə-yeksan edilmiş, minlərlə yaşayış evi, məktəb, mədəniyyət ocaqları, tarixi və dini abidələr dağıdılmışdır. Qəbiristanlıqlar vandalizmə məruz qalmış, Azərbaycan xalqının mədəni irsinə qarşı ağır cinayətlər törədilmişdir. Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis tərəfindən 26 Fevral “Xocalı soyqırımı günü” elan edilmiş, 1997-ci ildən etibarən hər il bu tarixdə ölkə ərazisində saat 17:00-da soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Bu, dövlət səviyyəsində faciəyə verilmiş siyasi və hüquqi qiymətin təzahürüdür. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Xocalı və digər işğal altında olan torpaqlarımız düşməndən azad edilmişdir. Bu tarixi Qələbə Xocalı faciəsinin qurbanlarının qisasının alındığını, şəhidlərimizin qanının yerdə qalmadığını bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin Xocalı şəhərində Dövlət Bayrağını ucaltması həm ədalətin bərpasının, həm də milli qürurun təntənəsinin rəmzinə çevrildi. Bu gün Xocalı təkcə faciənin deyil, həm də dirçəlişin simvoludur. Azad olunmuş şəhər və kəndlərə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir, yaşayış məntəqələri yenidən qurulur, infrastruktur bərpa olunur. Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması faciənin əbədi yaddaşda saxlanılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq kampaniyası mühüm rol oynayır. Bu kampaniyanın təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Onun fəaliyyəti nəticəsində Xocalı həqiqətləri dünyanın müxtəlif ölkələrində geniş şəkildə təbliğ olunmuş, bir sıra dövlətlərin parlamentləri və beynəlxalq təşkilatlar tərəfindən faciəyə siyasi-hüquqi qiymət verilmişdir. Xocalı soyqırımı unudulmur və unudulmayacaq. Bu faciənin tanıdılması, günahkarların məsuliyyətə cəlb edilməsi və tarixi həqiqətlərin beynəlxalq səviyyədə qəbul olunması Azərbaycan dövlətinin prinsipial mövqeyidir. Xocalı qurbanlarının xatirəsi Azərbaycan xalqının milli yaddaşında əbədi yaşayacaq.
Mehriban Vəliyeva
Milli Məclisin deputatı