PDF Oxu

Siyasət

  • 1 240

Unudulmayan faciə, bərpa olunan ədalət

image

XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirilən kütləvi qırğın nəticəsində yüzlərlə günahsız insan – qadınlar, uşaqlar, qocalar xüsusi qəddarlıqla qətlə yetirildi. Bu hadisə beynəlxalq humanitar hüququn, Cenevrə konvensiyalarının və insanlıq prinsiplərinin kobud şəkildə pozulması idi. Faciənin baş verdiyi dövrdə Azərbaycan mürəkkəb siyasi və hərbi şəraitdə idi. İnformasiya müharibəsində zəif mövqe, beynəlxalq ictimaiyyətin ikili standartları və regionda mövcud geosiyasi maraqlar Xocalı həqiqətlərinin dünya miqyasında lazımi səviyyədə tanıdılmasına mane olurdu. Uzun illər bu soyqırımına münasibətdə susqunluq və biganəlik hökm sürdü. Lakin Azərbaycan dövləti müstəqilliyini möhkəmləndirdikcə, Xocalı soyqırımının beynəlxalq hüquqi-siyasi müstəvidə tanıdılması istiqamətində ardıcıl və sistemli fəaliyyətə başladı. Bu proses dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə genişmiqyaslı diplomatik və informasiya fəaliyyəti həyata keçirildi. Xarici ölkələrdə keçirilən tədbirlər, konfranslar, sərgilər, parlament dinləmələri və siyasi təşəbbüslər nəticəsində Xocalı soyqırımı haqqında həqiqətlər beynəlxalq ictimaiyyətin diqqətinə təqdim olundu. Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası qısa müddətdə qlobal miqyas qazandı. Kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində anım mərasimləri, maarifləndirici aksiyalar, foto-sərgilər, elmi konfranslar təşkil olundu, geniş informasiya materialları yayımlandı. Nəticə etibarilə bir sıra ölkələr və ölkələrin parlamentləri, o cümlədən ABŞ-ın bir çox ştatları Xocalı soyqırımını tanıyan qərarlar qəbul etdilər. Bu, tarixi ədalətin bərpası istiqamətində mühüm siyasi və mənəvi nailiyyət kimi qiymətləndirilməlidir. Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında sağalmaz yara kimi qalmaqla yanaşı, həm də milli həmrəyliyin və ədalət uğrunda mübarizənin simvoluna çevrildi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqları azad etdi. Bu Zəfər yalnız ərazi bütövlüyünün bərpası deyil, eyni zamanda 30 ilə yaxın davam edən ədalətsizliyə son qoyulması idi. 2023-cü ildə həyata keçirilən 23 saatlıq lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin olundu. Beləliklə, Xocalı da daxil olmaqla, bütün işğal altındakı ərazilər üzərində dövlət suverenliyi bərpa edildi. Bu hadisələr Xocalı şəhidlərinin qanının yerdə qalmadığını, Azərbaycan dövlətinin öz vətəndaşlarının haqqını qorumaq əzmində və qətiyyətində olduğunu bir daha nümayiş etdirdi. Bu gün Xocalıda və digər azad edilmiş şəhər və rayonlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. İnfrastruktur yenidən qurulur, yaşayış məntəqələri salınır, sosial obyektlər tikilir. Ən önəmlisi isə, doğma yurdlarından didərgin salınmış vətəndaşlarımız mərhələli şəkildə öz dədə-baba torpaqlarına qayıdırlar. Xocalıya həyatın qayıdışı təkcə fiziki məkanın bərpası deyil, həm də tarixi ədalətin, milli ləyaqətin və dövlət suverenliyinin təntənəsidir. Bu, Azərbaycan dövlətinin gücünün, siyasi iradəsinin və xalq-dövlət birliyinin bariz nümunəsidir. Xocalı soyqırımı Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biridir. Lakin bu faciə eyni zamanda milli həmrəyliyin, siyasi iradənin və beynəlxalq mübarizənin simvoluna çevrilmişdir. Dövlətimizin ardıcıl siyasəti nəticəsində Xocalı həqiqətləri artıq dünya miqyasında tanınır, ədalətə doğru mühüm addımlar atılır. Tarixi ədalətin tam bərpası üçün mübarizə davam edir. Xocalı şəhidlərinin xatirəsi hər zaman ehtiramla anılacaq, onların qanı bahasına yazılmış tarix Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edəcəkdir.

Tahir Mirkişili
Milli Məclisin deputatı

Digər xəbərlər