26 Fevral – Xocalı soyqırımı günü Azərbaycan xalqının tarixində ən ağrılı və faciəli günlərdən biri kimi dərin hüznlə yad edilir. Bu tarix yalnız bir şəhərin taleyi ilə bağlı deyil, bütövlükdə xalqımıza qarşı törədilmiş ən ağır cinayətlərdən birinin simvoludur. 1992-ci ilin fevralında baş verən Xocalı faciəsi öz qəddarlığı, qeyri-insani davranışları və dinc əhaliyə qarşı həyata keçirilən vəhşilikləri ilə bəşər tarixində silinməz iz qoymuşdur. Bu qətliam xalqımızın döyüş əzminin susdurulmasına hesablanmış plan kimi əvvəlcədən hazırlanmışdı və ötən əsrin dəhşətli hadisəsi kimi tarixi utandırdı. İnsanlar qətlə yetirildi, bütöv bir şəhər isə düşmən tərəfindən işğal olundu. Xocalılar qəddarlığa və qeyri-insani rəftara məruz qaldılar. Düşmən yaraqlıları xislətlərinə uyğun insanlıq əleyhinə amansız cinayətlər törədərək misli görünməmiş vəhşiliklər etdilər. Bu soyqırım nəticəsində Xocalıda 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirildi, meyitlər isə təhqir olundu. Onlar azərbaycanlı olduqları üçün öldürüldülər, məqsəd etnik təmizləmə siyasəti idi. 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin fəal köməkliyi ilə Xocalı şəhəri mühasirəyə alındı və yerlə-yeksan edildi. Xocalıda ermənilər tərəfindən törədilən bu amansız barbarlıq tarixə insanlığa qarşı ağır cinayət kimi həkk olundu. Xocalı soyqırımı planlı şəkildə həyata keçirilmişdi və tarixi torpaqlarımızda ikinci erməni dövləti qurmaq məqsədi daşıyırdı. Lakin düşmən öz hesablamalarında yanıldı. Xalqımız bu ağır faciəni unutmadı, onu qəlbində yaşatdı və ədalətin bərpa olunacağı günü səbirlə gözlədi. Hər kəs əmin idi ki, tökülən qan yerdə qalmayacaq və bir gün yenidən Xocalıya qayıdacağıq.
Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətə başlanıldı. Ümummilli liderin təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilən qərara əsasən 26 fevral tarixi “Xocalı Soyqırımı Günü” elan olundu və bu hadisəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Sonrakı illərdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm addımlar atıldı. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası faciə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu cinayətə hüquqi və siyasi qiymət verilməsi baxımından mühüm rol oynadı. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq, öz ərazi bütövlüyünün bərpası və tarixi ədalətin təmin olunması uğrunda mübarizəsini qətiyyətlə davam etdirəcək. Belə də oldu. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Ermənistanın işğalına bütövlükdə son qoyuldu.
Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə torpaqlarımızda uzun illər davam edən separatizm yuvaları darmadağın edildi, ölkəmizin suverenliyi tam bərpa olundu. Digər yurd yerlərimiz kimi Xocalı da azad olundu və üçrəngli bayrağımız bu torpaqlarda yenidən ucaldıldı. Bu zəfər yalnız hərbi qələbə deyil, həm də beynəlxalq hüququn və milli haqlarımızın bərpa olunmasının göstəricisi oldu. Azərbaycan dövləti beynəlxalq arenada Xocalı soyqırımını tanıtmaq üçün illərdir yorulmadan çalışır. Artıq bir çox dövlət və beynəlxalq təşkilatlar bu faciəni soyqırım kimi tanıyır, bu da Xocalının unudulmadığını və haqq mübarizəsinin davam etdiyini göstərir. Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın birlik ruhu, Xocalı şəhidlərinin ruhunu şad etdi. Bu gün azad Qarabağda yeni həyat başlayır, amma Xocalı soyqırımının ağrısı heç vaxt unudulmayacaq. Qələbəmiz həm tariximizdə, həm də gələcək nəsillərin yaddaşında ədalətin, qəhrəmanlığın və birliyin ən parlaq nümunəsi kimi yaşayacaqdır.
Bu gün azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Şəhidlərin ruhu qarşısında ən böyük borcumuz onların xatirəsini yaşatmaq,
müstəqil və güclü Azərbaycanı daha da inkişaf etdirməkdir. Tarix sübut etdi ki, xalq–ordu birliyi sarsılmaz olduqda, heç bir qüvvə Azərbaycanı diz çökdürə bilməz.
Xocalı şəhidlərinin xatirəsi daim ehtiramla yad ediləcək, onların qanı bahasına qazanılmış zəfər isə tariximizin şanlı səhifəsi kimi əbədi qalacaqdır.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri.