Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir” fikri təsadüfi deyil. Bu hadisə təkcə 1992-ci ilin fevralında baş verən bir gecəlik vəhşət deyil, uzun illər boyu formalaşan düşmənçilik siyasətinin ən dəhşətli təzahürlərindən biridir.
Tarixə nəzər saldıqda görürük ki, XIX əsrin əvvəllərindən etibarən bölgədə demoqrafik vəziyyətin dəyişdirilməsi, torpaq iddiaları və etnik qarşıdurmalar mərhələli şəkildə dərinləşdirilmişdir. XX əsrin əvvəllərində – 1905-1906-cı illərdə, eləcə də 1918-ci ilin mart hadisələrində azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilmiş, minlərlə insan doğma yurd-yuvasından didərgin salınmışdır. Sovet dövründə bu siyasət açıq müstəviyə çıxmasa da, gizli şəkildə davam etmiş, azərbaycanlıların tarixi torpaqlardan mərhələli köçürülməsi prosesi aparılmışdır.Bu zəncirvari faciələrin kulminasiya nöqtəsi isə Xocalı şəhərində yaşandı.
Birinci Qarabağ müharibəsi dövründə strateji əhəmiyyətə malik olan Xocalı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ağır hücuma məruz qaldı. Dinc əhaliyə qarşı görünməmiş qəddarlıq nümayiş etdirildi. Qadın, uşaq, qoca fərqi qoyulmadan insanlar qətlə yetirildi. Bu, sadəcə hərbi əməliyyat deyildi – məqsəd mülki əhalini qorxutmaq, bölgəni azərbaycanlılardan təmizləmək idi.Xocalıda baş verənlər bir millətin yaddaşına silinməz iz kimi həkk olundu. Ana fəryadı, atasını itirən uşağın baxışı, doğma torpağından didərgin düşən insanların ümidsizliyi – bütün bunlar iki əsrlik ağrının davamı idi.
Xocalı göstərdi ki, nifrət və şovinist ideologiya insanlığı necə məhv edə bilər.Bu faciə həm də bir həqiqəti ortaya qoydu: tarixdən dərs çıxarmayan cəmiyyətlər eyni ağrıları təkrar yaşaya bilirlər. Ona görə də Xocalı təkcə keçmişin xatirəsi deyil, gələcək üçün ibrətdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu hadisəyə hüquqi-siyasi qiymətin verilməsi yalnız ədalət məsələsi deyil, həm də oxşar faciələrin təkrarlanmaması üçün vacib addımdır. Bu gün Xocalı qurbanlarının xatirəsi ehtiramla yad olunur. Onların qanı yerdə qalmadı – xalqımız öz torpaqlarını azad etdi,tarixi ədaləti bərpa etdi.
Cahandur Məhərrəmov
YAP Şərur rayon təşkilatının məsləhətçisi