Tarixə qalib xalq kimi düşən Azərbaycan xalqı, eyni zamanda, milli yaddaşına həkk olunmuş qanlı səhifələri heç zaman unutmur. Müxtəlif dövrlərdə erməni silahlı birləşmələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar və deportasiyalar bu gün artıq beynəlxalq ictimaiyyətə geniş şəkildə məlumdur. Dövlət tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü informasiya siyasəti nəticəsində bu faciələr haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılmış, tarixi ədalətin bərpası istiqamətində mühüm addımlar atılmışdır.
Baş vermiş faciələr sırasında Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi xüsusi yer tutur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə dinc əhaliyə qarşı həyata keçirilmiş amansız hücum nəticəsində yüzlərlə günahsız insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, ailələr məhv edilmiş, uşaqlar valideynlərini, valideynlər isə övladlarını itirmişdir. Soyqırımı zamanı törədilən vəhşiliklər, xüsusilə sərt qış şəraitində mülki əhalinin amansızcasına qətlə yetirilməsi faktları beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğunu bir daha sübut edir. Hadisənin canlı şahidləri bu ağrını bu gün də öz yaddaşlarında və həyatlarında daşıyırlar.
Faciənin xronologiyasına nəzər saldıqda aydın olur ki, bu hadisə təsadüfi deyil, əvvəlcədən planlaşdırılmış hərbi-siyasi strategiyanın tərkib hissəsi olmuşdur. Ərazi iddiaları və “böyük Ermənistan” ideologiyası zəminində həyata keçirilən bu cinayət aktı regionda qorxu və vahimə yaratmaq, əhalini doğma torpaqlarından didərgin salmaq məqsədi daşıyırdı. Xocalının strateji coğrafi mövqeyi, eləcə də həmin dövrdə şəhər ətrafında yerləşən sovet ordusunun 366-cı motoatıcı alayının mövcudluğu hücumun həyata keçirilməsini asanlaşdıran amillərdən biri olmuşdur.
1991-ci ilin oktyabr ayından etibarən blokada şəraitində yaşayan Xocalı şəhəri faktiki olaraq xarici aləmdən təcrid edilmişdi. Avtomobil yollarının bağlanması, elektrik enerjisinin kəsilməsi və digər həyati vacib təminatların dayandırılması şəhərdə ağır humanitar vəziyyət yaratmışdı. Buna baxmayaraq, əhali və şəhərin müdafiəçiləri böyük fədakarlıq və qəhrəmanlıq nümayiş etdirərək sonadək müqavimət göstərmişlər. Şəhərin müdafiəsi əsasən yerli özünümüdafiə dəstələri, milis əməkdaşları və Milli Ordunun döyüşçüləri tərəfindən həyata keçirilirdi.
1992-ci il fevralın 25-də axşam saatlarından etibarən 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxarılması ilə hücumun aktiv mərhələsi başlanmışdır. Üç istiqamətdən həyata keçirilən hücum nəticəsində dinc sakinlər Əsgəran istiqamətində şəhəri tərk etməyə məcbur olmuşlar. Lakin Naxçıvanik kəndi yaxınlığında onların qarşısı silahlı dəstələr tərəfindən kəsilmiş, mülki insanlar atəşə tutulmuşdur. Qarlı meşələrdə və aşırımlarda donaraq və ya güllə yarasından həlak olan insanların əksəriyyəti məhz Əsgəran–Naxçıvanik düzündə xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Bu faktlar Xocalıda baş verənlərin hərbi əməliyyat deyil, mülki əhaliyə qarşı yönəlmiş məqsədli qətliam olduğunu təsdiqləyir.
Bu gün isə Xocalı artıq işğaldan azad olunmuş, yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycan dövləti tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində infrastruktur layihələri icra olunur, yaşayış məntəqələri yenidən qurulur, sosial obyektlər istifadəyə verilir. Xocalının Ballıca qəsəbəsində artıq məktəb zəngi səslənir, uşaqlar doğma torpaqlarında təhsil alırlar.
Fevralın o soyuq gecəsində evlərini tərk etməyə məcbur qalan vətəndaşlarımızın xatirəsi daim ehtiramla yad edilir, onların ruhu qarşısında tarixi ədalətin bərpası istiqamətində atılan addımlar davam etdirilir.
İlahə Qurbanova
YAP Samux rayon təşkilatının əməkdaşı