Ötən əsrin 90-cı illərində Azərbaycan öz tarixinin ən mürəkkəb siyasi təlatümlərini yaşayıb. İmperiya buxovlarından qurtulmaq və müstəqillik yolunu seçməklə Azərbaycan öz tarixi inkişaf kursunu müəyyənləşdirdi. Azərbaycanın müstəqilliyi yolunda ilk addımları imperiya qüvvələri və yüz illərlə ölkəmizə qarşı məkrli planlar həyata keçirən Ermənistanın şovinist, bədnam niyyətləri ilə üzləşirdi. Erməni millətçi-şovinistləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə, soyqırım siyasətinin növbəti təzahürü 34 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş soyqırımı aktı idi. Belə bir cinayətin törədilməsi o zamankı SSRİ rəhbərliyinin və dünya ermənilərinin birgə hazırladığı məqsədyönlü çirkin bir planın tərkib hissəsi idi. Ermənistan silahlı qüvvələrinin o zaman sovet ordusunun Xankəndi şəhərindəki 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Azərbaycanın Xocalı şəhərinə hücüm edərək, azərbaycanlılara qarşı törətdikləri qanlı soyqırım aktı ümumən bəşəriyyətə, insanlığa qarşı ən qatı cinayətlərdən biri kimi tarixə həkk olunub. Hadisə son dərəcə ağır nəticələrinə görə XX əsrin Holokost, Oradur, Lidisa, Xatın, Sonqmi və Srebrenitsa kimi dəhşətli faciələri ilə bir sırada dayandı. Qarlı fevral gecəsində Xocalı şəhərinin dinc sakinləri amansız hücuma məruz qaldılar. Qadınlar, uşaqlar, qocalar xüsusi qəddarlıqla qətlə yetirildi, yüzlərlə insan əsir götürüldü, şəhər yerlə-yeksan edildi. Xocalı faciəsini əks etdirən rəqəmlər xüsusi amansızlıqla həyata keçirilimiş bəşəri cinayətin dəhşətlərini yaşadır: 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 dinc sakin girov götürülüb ki, onlardan 150 nəfərinin taleyi indiyə kimi də məlum deyil. Bu dəhşətli faciənin üzərindən uzun illər keçsə də, onun açdığı yaralar, doğurduğu ağır nəticələr Azərbaycan xalqının hafizəsində hər zaman təzə qalır. Bu hadisə təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət idi. Xocalı təkcə bir şəhərin deyil, bütün xalqın qan yaddaşı, ağrısı və eyni zamanda mübarizə rəmzidir. Azərbaycan xalqı faciənin ağırlığından dərin bir kədər yaşadı, lakin öz gücünü itirmədi; tarixi yurdunu unutmadı; onu erməni vəhşilərinin əlinə buraxmaq fikrinə düşmədi; bu yolda daim mübariz qaldı... Azərbaycan xalqının tarixində elə faciəli səhifələr var ki, onlar heç vaxt unudulmur, milli yaddaşda əbədi iz qoyur. Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşında silinməz izlər qoyub. Ulu Öndər Heydər Əliyev 1994- cü il martın 1-də Xocalı soyqırımı qurbanlarının ailələrinə müraciətində Xocalı hadisələrinə kəskin münasibət bildirib: “26 fevral 1992-ci ildə Xocalı şəhərində dünya misli görünməyən dəhşətli bir vəhşiliyin şahidi oldu. Erməni hərbi quldurları aylarla tam mühasirədə saxlanan Xocalı şəhərini yerlə yeksan etdilər. Köməksiz mülki əhali azğın bir amansızlıqla qətlə yetirildi. Südəmər körpələrə, əlsiz-ayaqsız qocalara, qadınlara, uşaqlara belə aman verilmədi. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”. Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilməsi yönündə işlərə də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən başlanılıb. Yalnız Ulu Öndərin ölkə rəhbərliyinə qayıtmasından sonra Milli Məclis Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib. Bu illərdə Heydər Əliyev Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilməsini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib. 1994-cü ildə Ümummilli Liderin təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, 26 fevral günü - “Xocalı soyqırımı və milli matəm günü” kimi qəbul olunub və bütün beynəlxalq təşkilatlar bu barədə məlumatlandırılıb. Bu dövrdən etibarən ölkəmizdə və ölkəmizdən kənarda Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsinə başlanılıb. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində fəaliyyət Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursunda mühüm yer tutub. Ölkə başçısı Xocalı faciəsi ilə qətiyyətli mövqeyini ortaya qoyub: “Biz Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalı və bu faciəyə hüquqi qiymətin verilməsinə nail olmalıyıq”. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü fəaliyyət nəticəsində çox ciddi uğurlar əldə olunub. Heç şübhəsiz ki, Xocalı soyqırımı ilə bağlı tarixi faktlar barədə beynəlxalq ictimaiyyətin dolğun şəkildə məlumatlandırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının müstəsna əhəmiyyəti vardır. Kampaniya ilk gündən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya birliyinə çatdırılmasını qarşısına məqsəd qoyub. Kampaniyanın fəaliyyəti, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinə, sağ qalmış ailələrə dəstək göstərilməsinə, bu hadisələrin yaddaşlarda yaşamasına, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlib. Hazırda kampaniya çərçivəsində Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə məqsədyönlü təbliğat tədbirləri həyata keçirilir, Azərbaycanın haqq səsi dünyaya çatdırılır. Xocalı soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsi istiqamətində məqsədyönlü fəaliyyətin miqyası ildən ilə genişlənir. Bu illər ərzində Xocalı həqiqətlərini əks etdirən müxtəlif təbliğat və maarifləndirmə vasitələri (nəşr, internet səhifəsi, sosial media və digər) istər ölkəmizdə, istərsə də xarici ölkələrdə dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Bu gün də Azərbaycan dövləti beynəlxalq təşkilatlar səviyyəsində Xocalı soyqırımının tanınması üçün fəaliyyətini davam etdirir. Bir sıra ölkələrin parlamentləri və ABŞ-nin bəzi ştatları Xocalı hadisələrini soyqırımı və ya kütləvi qətliam kimi tanıyıb. Bu, tarixi ədalətin bərpası yolunda mühüm addımdır. “Xocalıya ədalət!” aksiyaları nəticəsində Xocalı soyqırımı haqqında həqiqətlər daha geniş auditoriyaya çatdırılıb, beynəlxalq ictimaiyyətin diqqəti bu faciəyə yönəlib. Bu günlərdə ABŞ-də, Almaniyada, Kanadada, Danimarkada və dünyanın müxtəlif ölkələrində keçirilən aksiyalarda da Xocalı şəhidlərinin xatirəsinin daim uca tutulacağı və faciə ilə bağlı həqiqətlərin dünya miqyasında tanıdılması istiqamətində fəaliyyətin davam etdiriləcəyi əzmi ifadə olunur. Azərbaycan dövləti və xalqı ötən illər ərzində Xocalı üçün nə lazımdırsa, etdi. Cinayəti sənədləşdirdi; dəhşətli faktları dünyaya çatdırdı; Faciə gələcək nəsillərin hafizəsinə ötürülməsi üçün dərsliklərə salındı; Xocalı soyqırımı qurbanlarının xatirəsi hər il yad edildi. Prezident İlham Əliyev 26 fevral 2024-cü il tarixində Xocalıda soyqırımı memorialının təməlini qoydu. Ölkə başçısı çıxışında bildirirdi: “Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq”. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığı və peşəkarlıq nümayiş etdirərək ölkəmizin gücünü və qüdrətini bütün dünyaya sübut etdi. Böyük Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu Zəfər hərbi-siyasi uğur olmaqla yanaşı, həm də haqq-ədalətin təntənəsi idi. Ulu Öndər 2003-cü il fevralın 25-də xalqa müraciətində bildirirdi: “İnanıram ki, Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsi, sərhədlərinin toxunulmazlığının və ərazi bütövlüyünün təmin edilməsi Xocalı şəhidlərinə və xalqımızın bütün qəhrəman övladlarına ucaldılan möhtəşəm abidə olacaqdır”. 20 il sonra, 2023-cü il sentyabrın 19-20-də Xocalı şəhəri Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirdi. Xocalıda üçrəngli dövlət bayrağının dalğalanması ilə bağlı qürurunu Ali Baş Komandan İlham Əliyev belə ifadə etdi: “Xocalıda bayrağı qaldıranda, fikirləşdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı...”. Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatları nəticəsində Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi, o cümlədən Xocalının azad edilməsi və müharibə cinayətkarlarının ədalət mühakiməsi qarşısına çıxarılması tarixi ədalətin təntənəsidir. Ölkəmiz Ermənistan tərəfindən törədilmiş hərbi cinayətlərin araşdırılması üçün qətiyyətli addımlar ataraq müharibə cinayətlərinə barışmaz mövqeyini və iradəsini ortaya qoyub. Xocalı soyqırımının 34-cü ildönümü ərəfəsində erməni cinayətkarlarına oxunmuş hökmlər ədalətin bərpası olmaqla yanaşı, həm də günahsız Xocalı qurbanlarının xatirəsinə dərin ehtiramın bariz nümunəsidir. Bu gün xalqımız Xocalı faciəsi qurbanlarının xatirəsini alnıaçıq, başıuca yad edir, çünki bütün şəhidlərimizin, Xocalı soyqırımı qurbanlarının qisası alınıb. Artıq Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin rəmzinə çevrilib. Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Xocalı da yenidən dirçəlir, müasir infrastruktur yaradılır, yollar salınır, yaşayış binaları, sosial obyektlər tikilir. Şəhər yeni görkəm alır, həyat yenidən canlanır. Xocalının dirçəlişi Azərbaycan dövlətinin gücünün, xalqın iradəsinin və tarixi ədalətin təcəssümüdür. Bu torpaqlara qayıdan hər bir sakin yalnız doğma yurduna deyil, həm də ləyaqətinə və qüruruna qovuşur. Xocalıya qayıdış Azərbaycan dövləti tərəfindən həyata keçirilən genişmiqyaslı “Böyük Qayıdış” proqramının əsas komponentlərindən biridir. Bu qayıdış tarixi ədalətin bərpası, sosial-iqtisadi dirçəliş və milli yaddaşın yenidən oyanışı üçün xüsusi əhəmiyyət kəsb edir. Xocalı Azərbaycan xalqının qan yaddaşıdır. Bu faciə həm böyük ağrı, həm də milli birliyimizin, mübarizə ruhumuzun simvoludur. Xocalını unutmaq mümkün deyil və unutdurmaq da olmaz. Tarixdən dərs çıxararaq, şəhidlərimizin xatirəsini daim əziz tutmaq, həqiqətləri dünyaya çatdırmaq hər birimizin borcudur. Xocalı yaşayır, Xocalı dirçəlir və Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.
Aytən Qurbanova
YAP Yasamal rayon "H.B.Zərdabi pr.61" (19 saylı Şəhər Poliklinikası) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, 19 saylı Şəhər Poliklinikasının baş həkimi