PDF Oxu

Siyasət

  • 843

İnsanliğa qarşi törədilmiş ağir cinayət ŞƏRH

image

Azərbaycan xalqının müasir tarixində silinməz iz buraxmış ən ağır faciələrdən biri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımıdır. Bu hadisə yalnız bir şəhərin işğalı və ya müharibə epizodu deyil, dinc əhaliyə qarşı məqsədli şəkildə həyata keçirilmiş kütləvi qırğın, insanlığa qarşı törədilmiş ağır cinayət və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması kimi tarixə düşmüşdür. Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında dərin ağrı olmaqla yanaşı, həm də ədalət uğrunda aparılan mübarizənin rəmzinə çevrilmişdir.

XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüz siyasəti nəticəsində Qarabağ bölgəsində gərginlik daha da artmış,
azərbaycanlı əhali sistemli şəkildə etnik təmizləməyə məruz qalmışdır. Strateji mövqeyə malik olan Xocalı şəhəri xüsusilə hədəfə alınmışdı. Şəhərdə yerləşən yeganə hava limanı region üçün mühüm əhəmiyyət daşıyırdı və bu səbəbdən Xocalının ələ keçirilməsi hərbi məqsədlərin əsas istiqamətlərindən biri hesab olunurdu.

1991-ci ilin sonlarından başlayaraq şəhər tam mühasirəyə alınmış, elektrik enerjisi, ərzaq və tibbi təminat kəsilmişdi. Dinc əhali ağır humanitar böhran şəraitində yaşamağa məcbur edilmişdi. Buna baxmayaraq, Xocalı sakinləri doğma torpaqlarını tərk etməmiş, son ana qədər müqavimət göstərmişdilər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri ağır texnika və hərbi birləşmələrin iştirakı ilə şəhərə hücum etmişdir. Şəhər müxtəlif istiqamətlərdən atəşə tutulmuş, mülki əhali qaçmağa məcbur edilmişdir. Qar örtülü ərazilərlə təhlükəsiz çıxış axtaran insanlar pusquya salınaraq xüsusi qəddarlıqla qətlə yetirilmişdir.

Rəsmi statistikaya əsasən, Xocalı soyqırımı nəticəsində 613 nəfər öldürülmüşdür. Onların 63-ü uşaq, 106-sı qadın, 70-i isə yaşlı insanlar olmuşdur.
8 ailə tamamilə məhv edilmiş, yüzlərlə insan ağır yaralanmış, 1275 nəfər girov götürülmüş, çoxsaylı şəxslərin taleyi uzun müddət naməlum qalmışdır.

Xocalı faciəsi beynəlxalq hüququn əsas prinsiplərinə — xüsusilə mülki şəxslərin qorunmasını nəzərdə tutan Cenevrə konvensiyalarına zidd olaraq həyata keçirilmişdir. Dinc əhalinin xüsusi qəddarlıqla öldürülməsi, əsirlərə qarşı işgəncələrin tətbiqi və insanların milli mənsubiyyətinə görə hədəfə alınması
bu cinayətin mahiyyətini daha da ağırlaşdırır.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı hadisələrinə siyasi qiymət verilmiş, faciənin soyqırımı kimi tanıdılması istiqamətində sistemli fəaliyyət başlanmışdır. Bu siyasət bu gün də dövlət səviyyəsində ardıcıl şəkildə davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı soyqırımı ilə bağlı çıxışlarında qeyd etmişdir:“Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Bu faciə heç vaxt unudulmayacaq və biz Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq işini daim davam etdirəcəyik.”

Prezident həmçinin vurğulamışdır: “Bizim əsas vəzifəmiz Xocalı qurbanlarının xatirəsini yaşatmaqla yanaşı, bu cinayəti törədənlərin beynəlxalq hüquq qarşısında cavab verməsinə nail olmaqdır.”

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası dünyanın müxtəlif ölkələrində faciə haqqında məlumatlılığın artırılmasına mühüm töhfə vermişdir.

Xocalı soyqırımı Azərbaycan xalqının milli yaddaşında yalnız faciə deyil, həm də birlik və həmrəylik simvoluna çevrilmişdir. Hər il fevralın 26-da keçirilən anım mərasimləri şəhidlərin xatirəsinə ehtiramın ifadəsidir.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması tarixi ədalətin təntənəsi kimi qiymətləndirilir. Azad olunmuş Xocalıda üçrəngli bayrağımız cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən 15 oktyabr 2023-cü ildə ucaldılmışdır. Ölkə başçısı qeyd etmişdir:“Şəhidlərimizin qanı yerdə qalmadı, Azərbaycan öz tarixi ədalətini bərpa etdi.”Bu gün Azərbaycan dövləti azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin olunur.

Xocalı soyqırımı unudulmayan tarix, ədalət çağırışı və insanlıq üçün ciddi xəbərdarlıqdır. Bu faciənin dərsləri gələcək nəsillərə çatdırılmalı, sülh və humanizm dəyərləri daim qorunmalıdır.

Vəli Sərxanlı

YAP Culfa rayon təşkilatının fəalı

Digər xəbərlər