PDF Oxu

Siyasət

  • 571

“Tarixdən Gələcəyə: Xocavənddə memarlıq və şəhərsalma perspektivləri” - FOTOLAR

image

25 fevral 2026-cı il tarixində YAP Xocavənd rayon təşkilatının və Xocavənd rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Tarixdən Gələcəyə: Xocavənddə memarlıq və şəhərsalma perspektivləri” mövzusunda tədbir keçirilib. Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, rayonun idarə və müəssisələrinin əməkdaşlarının, ziyalıların iştirak etdiyi tədbirdə Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Xocavəndin tarixi memarlıq abidələri ilə bağlı video-rolik nümayiş olunub. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov bildirib ki, “Memarlıq və Şəhərsalma İli” çərçivəsində keçirilən tədbirlər yalnız peşəkar sahə nümayəndələri üçün deyil, bütövlükdə cəmiyyətimiz üçün mühüm əhəmiyyət daşıyır. Çünki memarlıq və şəhərsalma sadəcə bina tikintisi deyil – bu, milli kimliyimizin, mədəni irsimizin, sosial rifahımızın və gələcək inkişaf strategiyamızın ifadəsidir.

Müasir dövrdə şəhərsalma siyasəti dayanıqlı inkişaf prinsiplərinə, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına, ekoloji tarazlığın qorunmasına və insan amilinin prioritetliyinə əsaslanır. Azərbaycan Respublikasında həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri, xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma prosesi bunun bariz nümunəsidir.

Bu baxımdan, Qarabağın dilbər guşələrindən olan Xocavənd rayonu bu gün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Uzun illər işğal altında qalmış rayonumuz hazırda dövlətimizin diqqət və qayğısı ilə yenidən qurulur, müasir infrastruktur layihələri icra olunur, yaşayış məntəqələri bərpa edilir. Başçı həmçinin bildirib ki, tədbirin əsas məqsədi memarlıq və şəhərsalma sahəsindəki yenilikləri işıqlandırmaq, Xocavəndin bütün ərazilərində həyata keçiriləcək infrastruktur layihələrinə dair müzakirələr aparmaq və daha da vacibi, gələcək nəsillər üçün Xocavəndin inkişafını necə görmək istədiyimizi müəyyənləşdirməkdir. Bu gün burada biz yalnız şəhərsalma və memarlıq mövzularını müzakirə etmirik, biz həm də Xocavəndin mədəniyyətini, keçmişini və gələcəyini müzakirə edirik. Xocavəndin gələcəyində ekoloji cəhətdən dayanıqlı və təbiəti qoruyan şəhərsalma modelləri ön planda olmalıdır. Bu, yalnız ətraf mühitin qorunmasına deyil, həm də gələcək nəsillərə təmiz və sağlam bir mühitin təmin edilməsinə xidmət edəcək. Xocavəndin gələcəyini qurarkən gənclərimizin də böyük rolu olacaq. Onlar bu torpağın inkişafında əsas qüvvə olacaq, onların təhsili, bacarıqları və ideyaları bu bölgənin inkişafına yönələcəkdir. Başçı əminliklə bildirmişdir ki, bizim gənclərimiz, həm memarlıq və şəhərsalma sahələrində, həm də Xocavəndin bütün inkişaf sahələrində öz töhfələrini verəcəklər.

Tədbirdə YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, Memarlıq-tikinti məsələləri sektorunun aparıcı məsləhətçisi Şəmistan Gülmalı çıxış edərək Azərbaycan memarlıq məktəbinin zəngin irsinin qorunması, şəhərsalma və memarlıq sahəsində müasir yanaşmalarla zənginləşdirilməsi, eləcə də şəhərsalmanın tarixi inkişaf yolundan bəhs ediblər. Azərbaycan memarlıq məktəbinin formalaşmasında və şəhərsalma sahəsinin inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi vurğulayıblar.

Digər xəbərlər