Azərbaycan tarixinin ən ağrılı və faciəli səhifələrindən biri Xocalı ilə bağlıdır. 1992-ci ilin fevralında baş verən soyqırımı nəticəsində yüzlərlə günahsız insan – qadınlar, uşaqlar, qocalar amansızcasına qətlə yetirildi, şəhər yerlə-yeksan edildi. Bu faciə yalnız bir şəhərin deyil, bütövlükdə Azərbaycan xalqının qəlbində sağalmaz yara açdı. Xocalı adı illərlə kədər, nisgil və ədalət axtarışının simvoluna çevrildi.
Uzun illər ərzində Azərbaycan dövləti Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirdi. Müxtəlif ölkələrdə keçirilən tədbirlər, qəbul edilən qətnamələr, aparılan informasiya kampaniyaları bir həqiqəti təsdiqlədi: Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir. Lakin xalqımız üçün ən böyük təsəlli və ən ali ədalət torpaqlarımızın azad olunması idi.
2020-ci ildə başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altındakı torpaqları azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bu Zəfər yalnız hərbi-siyasi uğur deyil, həm də tarixi ədalətin bərpası idi. Xocalı şəhidlərinin qanı yerdə qalmadı, xalqımızın illərlə gözlədiyi haqq-ədalət təmin olundu.
Bu gün azad edilmiş bütün ərazilərdə olduğu kimi, Xocalıda da genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Dövlətimizin prioritet istiqamətlərindən biri həmin ərazilərin sürətli şəkildə dirçəldilməsi və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsidir. “Böyük Qayıdış” proqramı çərçivəsində infrastruktur layihələri sürətlə icra olunur.
Xocalıda yeni yollar salınır, mövcud yol şəbəkəsi əsaslı şəkildə yenidən qurulur. Elektrik enerjisi, içməli su və qaz təchizatı sistemləri müasir standartlara uyğun şəkildə bərpa edilir. Rəqəmsal texnologiyaların tətbiqi, “ağıllı şəhər” konsepsiyasının elementlərinin həyata keçirilməsi Xocalının gələcək inkişaf strategiyasının əsas istiqamətlərindəndir. Bu yanaşma şəhərin yalnız bərpasını deyil, həm də müasir və dayanıqlı inkişaf modelinə uyğun qurulmasını təmin edir.
Eyni zamanda, sosial obyektlərin tikintisi xüsusi diqqət mərkəzindədir. Yeni məktəblər, uşaq bağçaları, tibb məntəqələri, inzibati binalar inşa edilir. Yaşayış kompleksləri müasir memarlıq üslubunda qurularaq sakinlərin rahat və təhlükəsiz həyat şəraiti ilə təmin olunmasına xidmət edir. Uzun illər həsrətində olduqları torpaqlara qayıdan insanlar üçün hər bir detal nəzərə alınır, onların sosial rifahı dövlət siyasətinin əsas prioriteti kimi çıxış edir.
Xocalının dirçəldilməsi həm də mənəvi missiyadır. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə memorial komplekslərin yaradılması, xatirə guşələrinin salınması istiqamətində işlər görülür. Bu, gələcək nəsillərin tariximizi unutmaması, baş verən faciələrin dərindən dərk edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xocalı həm hüznün, həm də qürurun şəhərinə çevrilir – bir tərəfdə faciənin acı xatirəsi, digər tərəfdə isə qazanılmış Zəfərin sevinci.
Bu gün Xocalıda dalğalanan üçrəngli bayrağımız xalqımızın sarsılmaz birliyinin rəmzidir. Azərbaycan dövləti sübut etdi ki, milli maraqların müdafiəsində qətiyyətli və prinsipialdır. Əldə olunan Zəfər bölgədə yeni reallıqlar yaratdı və Azərbaycanın siyasi nüfuzunu daha da möhkəmləndirdi.
Xocalı artıq təkcə faciə ilə deyil, dirçəliş və yenidənqurma ilə də anılır. Bu şəhər ədalətin gec də olsa təntənə ilə qələbə çaldığının canlı sübutudur. Dağıdılmış evlərin yerində ucalan yeni binalar, salınan parklar, işıqlandırılan küçələr həyatın davam etdiyini, ümidin heç vaxt sönmədiyini göstərir.
Tarixi ədalətin bərpası, torpaqlarımızın azadlığı və Böyük Qayıdış prosesi Azərbaycanın gücünü və iradəsini bütün dünyaya nümayiş etdirir. Xocalının dirçəlişi yalnız bir şəhərin yenidən qurulması deyil, həm də xalqımızın milli qürurunun, dövlətimizin qüdrətinin və gələcəyə inamının təntənəsidir.
Bu gün əminliklə deyə bilərik: Xocalı – ədalətin qələbəsidir. Bu qələbə şəhidlərimizin müqəddəs xatirəsinə ən böyük ehtiram, gələcək nəsillərə isə güclü və müstəqil Azərbaycanın mirasıdır.
Lalə Məmmədova
YAP Samux rayon təşkilatının əməkdaşı