PDF Oxu

Siyasət

  • 793

Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşadacaq Memorial Kompleks

image

Prezident İlham Əliyev: “Bu gün bu Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük”

Azərbaycan artıq yeni reallıqlar yaradıb. Ərazi bütövlüyünü, suverenliyini təmin etmiş bir dövlətin müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş Zəfər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizə əbədi həkk olundu ve əzəli yurd yerlərimizə sahib olduq. Prezident İlham Əliyevin hər bir ərazidən qalib ordunun və dövlətin qalib SƏRKƏRDƏSİ kimi səsəni ucaldir, mesajlarını verir, dünya bunu görür və eşidir.

Əlbəttə ki, bu gün biz qalib xalq kimi yaşasaq da ötən illərdə yaşadığımız faciələr tariximizin səhifələrinə həkk olunub və o, tarixi dövr yaddaşımızda qövr edir. Bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərdən biri olan, Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik zəmində soyqırımı siyasətini sübut edən Xocalı soyqırımından 34 il ötür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. Qeyd edək ki, Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb. Memorialı dörd tərəfdən əhatə edən monolit Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında layihələndirilib. “Bu gün bu Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük”. Bu sözləri Prezident İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib. Dövlətimizin başçısı bildirib: “Çünki bu qədər, - yəni Xocalı soyqırımı XX əsrin ən qanlı cinayətlərindən biri idi və xalqımız buna məruz qalmışdı, - 30 il ərzində ədalətsizliklə üzləşən xalqımız öz mənliyini saxladı, ləyaqətini saxladı, inamını saxladı”. Dövlət başçısı qeyd edib ki, bu Kompleks (Xocalı Soyqırımı Memorialı – red.) silinməz yaddaşımızın təcəssümü olacaq: “Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

“BU GÜN DÖVLƏTİMİZ GÜCLÜ DÖVLƏTDİR, ÖZÜNÜ MÜDAFİƏ ETMƏYƏ QADİR OLAN DÖVLƏTDİR

Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Memorialın həyətində qış fəslinin sonunda çiçək açan və yazın müjdəçisi olan badam ağacları əkilib. Bu illər ərzində “Xocalıya ədalət!” kampaniyasının rəmzi də badam çiçəyi seçilib və bu, təsadüfi deyil. Badam çiçəyi Xocalıda 1992-ci ilin fevral ayında törədilmiş soyqırımına münasibətdə ədalətin təmin olunmasını əks etdirir.

XX əsrdə insanlıq əleyhinə ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımına həsr edilmiş ekspozisiyada Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, işğalçılıq siyasəti və erməni terrorizminin Azərbaycan torpaqlarında törətdiyi fəsadlar sənədlər, xəritələr və faktlar əsasında təqdim olunur.

Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi yad edir. Xocalı qurbanlarının ruhları bu gün şaddır. Müzəffər Ali Baş Komandanın da dediyi kimi, onların qanı yerdə qalmadı, onların qisası Vətən müharibəsi zamanı döyüş meydanında alındı. “Biz bu Memorial Kompleksin açılışında iştirak edərkən bir daha deyirik ki, bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin”, - deyən Pzezident bildirib ki,artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir”.

Xocalı soyqırımı isə heç vaxt xalqımızın yaddaşından silinməyəcək dəhşətli olaydır. 1992-ci ilin qarlı qış günü. Düz 34 il bundan əvvəl dünyanın gözü qarşısında ermənilər bəşəriyyət tarixində ən ağır cinayətlərdən birini - Xocalı soyqırımını törətdilər. Ermənilərin şəhərə daxil olması nəticəsində Xocalını tərk etmək məcburiyyətində qalan köməksiz insanlar misli görünməmiş xüsusi amansızlıqla qətlə yetirildilər. Düşmən hərbi texnika və qüvvə baxımından bir neçə dəfə çox olduğundan, Xocalı şəhəri işğal edildi. Az bir vaxt ərzində şəhərdə böyük miqyaslı yanğınlar baş verdi, şəhər tamamilə alova büründü. Evlərə-eşiklərə od vuruldu, torpaq al qana qərq edildi. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirilirdilər. Aramsız güllə yağışından qurtulub ayağıyalın, başıaçıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü. Bəşəriyyətin ən qədim yaşayış məskənlərindən olan Xocalı bir gecənin içərisində yerlə yeksan edildi. Qanlı qırğından sağ qalan əhali dağlara, meşələrə qaçdı. Dinc əhalini təqib edən silahlı ermənilər onları güllələyir, ələ keçənlərə amansız işgəncələrlə divan tuturdular. Xocalı soyqırımının nəticələri çox dəhşətli idi. “Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən, erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı, insanlığa qarşı, bəşəriyyətə qarşı törədilmiş qanlı hərbi cinayətdir. Bunun məsuliyyətini Ermənistan dövləti daşıyır. Bir gecə içində 600-dən çox günahsız mülki şəxs, onlardan 106-sı qadın, 63-ü uşaq erməni faşistləri tərəfindən qəddarcasına qətlə yetirilmişdir, 150 nəfər itkin düşmüş və aydın məsələdir ki, onlar da ermənilər tərəfindən öldürülmüşdür. Onların bəzilərinin işğaldan sonra qalıqları tapıldı və torpağa tapşırıldı. Azərbaycan xalqı üçün bu, ən böyük faciədir. Bu faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün, bizim haqq işimizi dünya birliyinə təqdim etmək üçün həm Azərbaycan dövləti, həm ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, demək olar ki, bir çox qurumlar fəal çalışıblar. Burada xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istərdim. Fond yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verdi”, - deyə Prezident bildirib. Beləliklə, dünyanın gözü qarşısında ermənilər bəşəriyyət tarixində ən ağır cinayətlərdən birini - Xocalı soyqırımını törətdilər.

Xocalı soyqırımının əsl hüquqi qiymətini alması və dünyanın belə bir cinayətdən xəbərdar olması ilə bağlı milli səviyyədə addımlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra atılmışdır. Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı ilə fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilmiş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir. 2020-ci ilin sentyabr–noyabr aylarında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında birgünlük lokal xarakterli antiterror əməliyyatında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində tarixi torpaqlarımız, o cümlədən Xocalı işğaldan azad olundu. Bu gün Xocalı əzəli sakinlərini qarşılayır. Artıq Xocalı sakinləri mərhələli olaraq əzəli yurda qayıdırlar. Bölgədə yaşayış üçün zəruri infrastruktur qurulub, sosial obyektlər istifadəyə verilib. 2024-cü ilin mayın 28-də - Müstəqillik Günündə Xocalı şəhərinə ilk qayıdan sakinlərə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən evlərin açarlarının təqdim olunması, sakinlərlə səmimi görüş tarixi hadisə oldu. Bu, o deməkdir ki, Böyük Qayıdışın Xocalı mərhələsi ugurla davam edir. Şəhərə qayıdışın başlanmasından sonra soyqırımı qurbanlarının, bütün şəhidlərimizin ruhları rahatdır. Doğma Xocalıya qayıdan sakinlərin sevincinin həddi-hüdudu yoxdur. Bütün xalqımız da bu hadisəyə sevinir. Çünki soyqırımına məruz qalmış Xocalıya həyat qayıdıb. İnsanların doğma yurdlarına qayıdışı ilə həmin torpaqlar yenidən canlanır.

Prezident İlham Əliyevin dediyi kimi, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək. Beləliklə, doğma Qarabağ torpağının əzəli sakinləri öz yurdlarına geri dönürlər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad olunmuş bütün ərazilərimiz ən müasir səviyyədə yenidən qurulur. Bu torpaqlar dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Azırbaycan xalqına Zəfər yaraşir. Bizım qürürlü və ləyaqətli xalq kimi başımız ucadır. Sonda bir məktəbli kimi qürurla onu bildirmək istəyirəm ki, Azərbaycan tarixi ədaləti bərpa edib və günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında alıb. Artıq bu gün Xocalının qapısı üzümüzə açıqdır. Azərbaycan əzəli torpaqlarına sahibdir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər