Azərbaycan xalqının tarixində silinməz iz qoymuş Xocalı soyqırımı milli yaddaşımızın ən ağrılı səhifələrindən biridir. Bu faciə təkcə Xocalının deyil, bütün Azərbaycanın dərdi, eyni zamanda beynəlxalq hüququn kobud şəkildə pozulmasının acı nümunəsi idi. Uzun illər boyu xalqımız bu ədalətsizliyin ağrısını yaşasa da, milli iradə və qətiyyət heç vaxt sarsılmadı.
Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılış mərasimindəki çıxışı məhz bu sarsılmaz mövqenin və tarixi qətiyyətin ifadəsi kimi səsləndi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan xalqı faciə qurbanlarının xatirəsini daim uca tutur, onların qanı unudulmur və milli yaddaşımızda əbədi yaşayır. Xocalının azad olunması və burada memorial kompleksin yaradılması həm şəhidlərin ruhuna ehtiramın, həm də milli ləyaqətin təcəssümüdür.
Çıxışda qeyd olundu ki, Azərbaycan dövləti ötən illər ərzində məqsədyönlü siyasət yürüdərək güclü ordu formalaşdırıb, beynəlxalq müstəvidə fəal diplomatik fəaliyyət göstərib və nəticədə ölkəmizin suverenliyi tam təmin edilib. Bu gün Xocalıda dalğalanan üçrəngli bayrağımız xalqımızın birliyinin, siyasi iradəsinin və əzminin rəmzidir.
Dövlət başçısı xüsusi olaraq bildirdi ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl iş aparılıb və bu proses davam edir. Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş cinayət kimi tarixdə qalır və bu həqiqətlərin beynəlxalq aləmdə tanınması Azərbaycanın prinsipial mövqeyinin nəticəsidir.
Bu gün Xocalıda genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilir, infrastruktur yenidən formalaşdırılır, doğma torpaqlara qayıdış prosesi reallaşır. Memorial kompleks isə gələcək nəsillərə həm faciəni, həm də milli dirçəlişi xatırladan müqəddəs məkana çevrilir.
Xocalı Soyqırımı Memorialının açılışı təkcə anım mərasimi deyil, həm də tarixi ədalətin bərpasının, milli qürurun və dövlətimizin gücünün nümayişidir. Azərbaycan xalqı bir daha sübut edir ki, birlik, iradə və güclü liderlik sayəsində ən ağır sınaqlardan belə alnıaçıq çıxmaq mümkündür.
Lalə Məmmədova
YAP Samux rayon təşkilatının əməkdaşı