PDF Oxu

Siyasət

  • 558

Xocalıda ucalan ədalət abidəsi - ŞƏRH

image

Fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışı Azərbaycan tarixində xüsusi əhəmiyyət kəsb edən hadisə kimi yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin iştirakı ilə keçirilən açılış mərasimi təkcə bir abidənin istifadəyə verilməsi deyil, həm də milli yaddaşın dirçəldilməsi və ədalətin təntənəsi kimi qiymətləndirilir.

Memorial Prezident İlham Əliyevin 2025-ci ilin fevral ayında imzaladığı Sərəncama əsasən inşa edilmişdir. Onun əsas məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini əbədiləşdirmək, tarixi həqiqətləri gələcək nəsillərə çatdırmaq və milli yaddaşı qorumaqdır. Layihə Heydər Əliyev Fondunun hazırladığı konsepsiya əsasında həyata keçirilmişdir.

Memorialın memarlıq həlli dərin rəmzi məna daşıyır. Kompleksi dörd tərəfdən əhatə edən monolit quruluş soyqırımı zamanı dinc sakinləri qorumağa çalışan rəmzi əllər formasında layihələndirilmişdir. Bu, həm müdafiə, həm mərhəmət, həm də xatirəyə sahib çıxmaq anlamını ifadə edir.

Həyətdə əkilmiş badam ağacları xüsusi simvolik məna daşıyır. Qışın sonunda çiçək açan badam ağacı yenilənməni və ümidin dirçəlişini təmsil edir. “Xocalıya ədalət!” kampaniyasının rəmzi kimi seçilən badam çiçəyi ədalətin gec də olsa zəfər çalacağını ifadə edir.

Memorialın ekspozisiya zalları ziyarətçilərə faciənin miqyasını və dərinliyini sənədlər, xəritələr və interaktiv təqdimatlar vasitəsilə çatdırır. “Faciənin siması” instalyasiyası qətlə yetirilmiş dinc sakinlərin taleyini simvolik şəkildə canlandırır. Tavan boyu uçuşan göyərçin maketləri isə sülh arzusunun əbədi simvoludur.

Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş və 613 nəfər amansızcasına qətlə yetirilmişdir. Onların 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl insan idi. 8 ailə tamamilə məhv edilmiş, yüzlərlə uşaq valideynlərini itirmişdir.

Bu gün işğaldan azad olunmuş Xocalıda ucaldılan Memorial həm faciənin ağrısını, həm də xalqın iradəsini simvolizə edir. Prezident İlham Əliyevin açılış mərasimində vurğuladığı kimi, bu kompleks silinməz yaddaşın təcəssümüdür və Azərbaycan xalqının əyilməz ruhunun göstəricisidir.

Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Digər xəbərlər