Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş ən ağır faciələrdən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş bu hadisə nəticəsində 613 nəfər qətlə yetirildi. Onların arasında 63 uşaq, 106 qadın, 70 ahıl insan var idi. Bu faktlar təkcə rəqəmlər deyil, hər biri bir ailənin faciəsidir.
Prezident İlham Əliyev açılış mərasimində çıxış edərək bildirdi ki, Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı hərbi cinayətdir. Bu faciənin məsuliyyətini Ermənistan dövləti daşıyır.
İllər boyu Azərbaycan dövləti və ictimai təşkilatlar Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün səylər göstərmişdir. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində tədbirlər keçirilmiş, nəşrlər hazırlanmış və beynəlxalq ictimaiyyət məlumatlandırılmışdır.
Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Prezidentin sözləri ilə desək, bu, ədalətin tam təntənəsi idi.
Xocalı Soyqırımı Memorialının məhz Xocalıda açılması xüsusi rəmzi məna daşıyır. İki il əvvəl təməli qoyulan bu kompleks bu gün Azərbaycan xalqının əyilməz ruhunun və güclü dövlət iradəsinin göstəricisidir.
Memorial həm faciəni xatırladır, həm də xalqın birliyini və gücünü nümayiş etdirir. Bu gün Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün güclü, müstəqil və suveren dövlətdir.
Hüseyn Məsimov,
YAP Mirəsədulla Mirqasımov küçəsi 1 (KTM PHŞ) üzrə ƏPT sədri,
“Kliniki Tibbi Mərkəz” PHŞ-in baş həkimi