PDF Oxu

Siyasət

  • 1 151

Tarixi yaddaşın təntənəsi ŞƏRH

image

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Xocalı soyqırımı memorialının açılış mərasimində səsləndirilən fikirlər Azərbaycan xalqının tarixi yaddaşına, milli qüruruna və ədalətə olan inamına verilən yüksək dəyərin bariz nümunəsidir. Bu çıxış təkcə bir anım nitqi deyil, həm də xalqımızın keçdiyi ağrılı yolun, eyni zamanda əyilməz iradəsinin və sarsılmaz ruhunun ifadəsidir.

Xocalı soyqırımı Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir. 1992-ci ilin fevralında baş verən bu dəhşətli hadisə nəticəsində yüzlərlə dinc sakin amansızcasına qətlə yetirildi. Bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət idi. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması illərdir dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur.

Memorial kompleksin açılışı isə bu istiqamətdə atılan mühüm addımlardan biridir. Bu abidə yalnız faciə qurbanlarının xatirəsini əbədiləşdirmir, eyni zamanda gələcək nəsillərə tariximizi unutmamaq, həqiqətləri qorumaq və milli birliyimizi möhkəmləndirmək mesajını verir. Memorial kompleksi öz memarlıq üslubu və rəmzi məna yükü ilə xalqımızın həm kədərini, həm də gücünü əks etdirir.

Prezident İlham Əliyev çıxışında vurğulamışdır ki, Azərbaycan xalqı heç vaxt bu faciəni unutmayacaq və unutdurmayacaq. Bu sözlər dövlətin qətiyyətli mövqeyini, ədalətin bərqərar olunmasına olan inamı bir daha nümayiş etdirir. Eyni zamanda, bu çıxış Azərbaycanın müstəqil, güclü və qürurlu dövlət kimi mövqeyini də təsdiqləyir.

Memorial kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük. Çünki bu abidə təkcə keçmişin ağrılarını deyil, həm də bu ağrılardan doğan gücü simvolizə edir. Xalqımız ən çətin sınaqlardan belə alnıaçıq çıxaraq birliyini qorumuş, dövlətçiliyini möhkəmləndirmiş və tarixi ədalətin bərpası uğrunda mübarizəsini davam etdirmişdir.

Prezident çıxışında bildirib ki, Dünyada nadir halda ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü və suverenliyini hər qarış torpağı azad edərək özü təmin etsin və müharibə cinayətkarlarını məhkəmə qarşısına gətirsin. Bunu biz etdik – Azərbaycan dövləti. Bizim iradəmiz, deyə bilərəm ki, əyilməz iradəmiz bunu təmin etdi. İşğal dövründə bizə nə qədər təzyiqlər olub, təhdidlər olub, bunu Azərbaycan ictimaiyyəti yaxşı bilir. İşğal dövründə bizə tez-tez belə siqnallar ünvanlanırdı ki, reallıqla barışmaq lazımdır, Azərbaycan öz torpaqlarını azad edə bilməyəcək, böyük dövlətlər, Ermənistanın havadarları buna imkan verməyəcək, Azərbaycan Ordusu döyüş meydanında qələbə qazana bilməyəcək. Bu kimi uydurulmuş şayiələr həm geniş informasiya məkanında yayılır, həm də müxtəlif kanallar vasitəsilə Azərbaycan rəhbərliyinə çatdırılırdı. Amma bizim iradəmizə təsir edə biləcək heç bir qüvvə yox idi və bunu biz dəfələrlə bəyan etmişdik. İşğal dövründə həm mötəbər beynəlxalq kürsülərdən, eyni zamanda, ovaxtkı köçkünlərlə keçirdiyim çoxsaylı görüşlər əsnasında bildirirdim ki, biz işğalla barışmayacağıq və məsələ danışıqlar yolu ilə həll olunmazsa, ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik və belə də oldu.

Bu gün Xocalı soyqırımı memorialı həm matəm, həm də qürur yeridir. Matəmdir – çünki biz şəhidlərimizi anırıq. Qürurdur – çünki onların xatirəsi qarşısında baş əyərək, eyni zamanda milli ləyaqətimizi və mübarizə əzmimizi nümayiş etdiririk.

Nəticə etibarilə, memorial kompleks yalnız bir abidə deyil, milli yaddaşımızın daşlaşmış simvoludur. O, hər bir azərbaycanlıya xatırladır ki, tariximizi unutmaq olmaz və xalqımızın ruhu sarsılmazdır. Memorial kompleksin timsalında biz doğrudan da Azərbaycan xalqının əyilməz ruhunu görürük – bu ruh isə gələcəyə inamla addımlamağımızın əsas təminatıdır.

Sevda Quluyeva

YAP Kəngərli rayon təşkilatının sədri

Digər xəbərlər