Fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışı təkcə anım mərasimi deyil, həm də tarixi ədalətin təntənəsinin rəmzi kimi yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin iştirak etdiyi bu mərasim xalqın milli yaddaşına hörmətin, şəhidlərin xatirəsinə ehtiramın və dövlət iradəsinin ifadəsi oldu.
Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev memorialın mənəvi və siyasi əhəmiyyətini xüsusi vurğulayaraq demişdir: “Bu gün bu memorial kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük. Bu kompleks silinməz yaddaşımızın təcəssümü olacaq. Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq.” Dövlətimizin başçısı əlavə olaraq qeyd etmişdir: “Bu gün bu Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir. Bu gün biz sülh içində yaşayırıq və bunun təminatçısı Azərbaycan dövlətidir, bizim siyasətimizdir.”Bu fikirlər həm faciənin unudulmaması, həm də dövlətin güclü siyasi iradəsinin və ardıcıl strategiyasının nəticəsi olaraq əldə olunan tarixi nailiyyətlərin ifadəsidir.
Xocalı faciəsi XX əsrin ən dəhşətli insanlıq cinayətlərindən biri kimi Azərbaycan tarixində silinməz iz qoyub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə dinc əhaliyə qarşı törədilən qətliam nəticəsində yüzlərlə insan həyatını itirdi, ailələr məhv edildi, uşaqlar yetim qaldı. Bu hadisə təkcə bir şəhərin deyil, bütöv bir xalqın yaddaşında sağalmaz yara açdı. İllər boyu bu həqiqətlərin beynəlxalq aləmdə tanıdılması və ədalətli siyasi-hüquqi qiymətin verilməsi istiqamətində ardıcıl fəaliyyət göstərildi.
Məhz bu fəaliyyətin nəticəsi olaraq, Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı sərəncama əsasən Xocalı Soyqırımı Memorial Kompleksi yaradıldı. Layihənin Heydər Əliyev Fondu tərəfindən hazırlanmış konsepsiya əsasında reallaşdırılması xüsusi məna daşıyır. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsləri və vitse-prezident Leyla Əliyevanın başladığı “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayıb. Memorial da həmin ideoloji və mənəvi xəttin məntiqi davamıdır.
Memorialın memarlıq həlli dərin rəmzi məna daşıyır. Onu dörd tərəfdən əhatə edən monolit konstruksiya soyqırımı zamanı Xocalı sakinlərini qorumağa çalışan rəmzi əlləri xatırladır. Bu, həm müdafiə, həm də həmrəylik mesajıdır. Həyətə əkilmiş badam ağacları isə yazın müjdəçisi olmaqla yanaşı, “Xocalıya ədalət!” kampaniyasının rəmzi kimi ədalətin gec də olsa çiçək açacağını ifadə edir.
Ekspozisiya zallarında nümayiş etdirilən materiallar ziyarətçini faciənin acı reallığı ilə üz-üzə qoyur. “Faciənin siması” instalyasiyası qətlə yetirilmiş dinc sakinlərin taleyini bədii dillə canlandırır. “Bir gecənin içində səssiz qalan evlər” instalyasiyası isə bir gecədə yarımçıq qalan ömürlərin ağrısını müasir texnologiyalar vasitəsilə tamaşaçıya çatdırır. Ekspozisiyada Ermənistan–Azərbaycan münaqişəsinin tarixi kökləri, işğalçılıq siyasəti və beynəlxalq hüquq normalarının pozulması faktlarla təqdim olunur. Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin Xocalı soyqırımına verdiyi siyasi-hüquqi qiymət və Prezident İlham Əliyevin bu siyasi xətti qətiyyətlə davam etdirməsi xüsusi vurğulanır.
Bütün bu olanlar göstərir ki, Azərbaycanda güclü siyasi xətt və güclü dövlət iradəsi mövcuddur. Məhz bu iradə nəticəsində ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, işğaldan azad olunmuş torpaqlarda yenidənqurma və dirçəliş prosesinə başlamışdır. Bu gün Xocalıda memorialın ucaldılması həm də dövlətin ədalətə, tarixə və milli yaddaşa sadiqliyinin bariz nümunəsidir.
Memorialın açılışı qalib xalqın öz şəhidlərinin xatirəsini uca tutmasının təzahürüdür. Bu kompleks həm faciənin ağrısını yaşadan, həm də gələcəyə inamı möhkəmləndirən müqəddəs məkandır. Burada hər detal milli yaddaşın qorunmasına xidmət edir və gələcək nəsillərə aydın mesaj verir: Azərbaycan xalqı öz tarixini unutmur, ədalətə inanır və güclü dövlət iradəsi ilə gələcəyə doğru inamla addımlayır.
Ayaz Novruzov
YAP Culfa rayon Camaldın kənd ərazi partiya təşkilatının sədri