Azərbaycan xalqının tarixində Xocalı soyqırımı qanla yazılmış ən dəhşətli səhifələrdən biridir.
Xocalı Soyqırımı Memorialının açılışı müasir tariximizin siyasi, hüquqi və mənəvi baxımdan ən mühüm hadisələrindən biri kimi dəyərləndirilir. Prezident cənab İlham Əliyevin mərasimdə səsləndirdiyi fikirlər ədalətin bərpasının və uzun illər davam edən mübarizənin məntiqi nəticəsinin ifadəsi idi. Qeyd edək ki, İki il əvvəl əsası qoyulan Memorial Kompleksin məhz işğaldan azad olunmuş Xocalıda ucaldılması doğma torpaqlara qətiyyətli qayıdışın parlaq təcəssümü kimi rəmzi məna daşıyır. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi “Ədaləti biz özümüz təmin etdik” fikri müasir Azərbaycan dövlətçiliyinin əsas ideoloji sütunlarından birini təşkil edir. Cənab Prezident çıxışı zamanı bildirdi ki, "Azərbaycan xalqı üçün bu, ən böyük faciədir. Bu faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün, bizim haqq işimizi dünya birliyinə təqdim etmək üçün həm Azərbaycan dövləti, həm ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, demək olar ki, bir çox qurumlar fəal çalışıblar. Burada xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istərdim. Fond yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verdi. Bu təşəbbüsü Fondun vitse-prezidenti Leyla Əliyeva həyata keçirirdi. Son 20 il ərzində onun təşəbbüsü ilə dünyanın bir çox ölkələrində bir çox tədbirlər, təqdimatlar, simpoziumlar, konfranslar keçirilmişdir, bir çox kitablar, broşürlər, bukletlər dərc edilmişdir. Çünki Ermənistan dövləti, dünya erməniliyi və dünya erməniliyinin, Ermənistan dövlətinin arxasında duran dövlətlər bu qanlı faciəni ört-basdır etməyə çalışırdılar. Hətta erməni təbliğatçıları Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdılar. Əgər biz öz haqq səsimizi ucaltmasaydıq, bu gün bəlkə də dünyada Xocalı soyqırımı ilə bağlı həqiqətə uyğun məlumat olmayacaqdı. Məhz bizim təkidli səylərimiz nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanıyıb və bu proses davam etdirilir. Dövlət başçısı vurğuladı ki, işğal dövründə Azərbaycan müxtəlif siyasi və informasiya təzyiqləri ilə üzləşsə də, heç vaxt işğalla barışmamışdır. Güclü iqtisadiyyatın qurulması, müasir və peşəkar ordunun formalaşdırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi nəticəsində ölkə öz gücü hesabına ərazi bütövlüyünü təmin etmişdir. Xocalı Soyqırımı Memorialın məhz Xocalı şəhərində inşa olunması mühüm önəm kəsb edir. Layihə illər əvvəl hazır olsa da, paytaxtda deyil, faciənin baş verdiyi məkanda ucaldılması tarixi ədalətin bərpasının ən təsirli göstəricisidir. Sözügedən qərarın arxasında gələcəyə inam dayanır, həmin məqsədlər artıq reallığa çevrilib. Bu kompleks yalnız memarlıq nümunəsi deyil, silinməz milli yaddaşın təcəssümüdür. Bütün bunlar şəhidlərin xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, gələcək nəsillərə ünvanlanan mesajdır. Tarix unudulmamalıdır, milli kimlik və dövlətçilik prinsipləri daim qorunmalıdır. Azad edilmiş torpaqda ucaldılan bu kompleks keçmişin ağrısını gələcəyə daşıyan bir xatirə məkanı olmaqla yanaşı, dövlətçilik gücünün və milli həmrəyliyin təcəssümünə çevrilir. Xocalı soyqırımı yaddaşlarda daim yaşayacaqdır.
İntiqam Quliyev
YAP Ağdam rayon təşkilatının sədr müavini