PDF Oxu

Siyasət

  • 976

"Azərbaycan və BƏƏ regional sabitliyi qoruyur" - POLİTOLOQ DANIŞDI

image

"Yaxın Şərqdə artan hərbi eskalasiya fonunda Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin rəsmi səviyyədə narahatlıq ifadə etməsi təbii ki, sıradan diplomatik bəyanat deyil. Bu mövqe həm regional sabitlik arxitekturası, həm də orta güclərin artan diplomatik fəallığı kontekstində daha geniş məna daşıyır. Xüsusilə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri kimi praqmatik və çoxvektorlu siyasət yürüdən dövlətlərin oxşar ton istifadə etməsi mesaj xarakterlidir".Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.Onun sözlərinə görə, bu yanaşma ilk olaraq “blok siyasəti”ndən uzaq dayanmaq mesajıdır: "Hər iki ölkə Qərb, Rusiya, Çin və regional güclərlə paralel münasibətlər saxlayan aktorlardır. Ona görə də əsas maraq qarşıdurmanın genişlənməməsi, enerji marşrutlarının və ticarət xətlərinin təhlükəsiz qalmasıdır. Belə ki, Yaxın Şərqdə genişmiqyaslı müharibə yalnız humanitar böhran deyil, həm də qlobal enerji bazarlarında kəskin dalğalanma və nəqliyyat-logistika riskləri yarada bilər. Bu baxımdan Bakı və Əbu-Dabi sabitliyi iqtisadi təhlükəsizlik prizmasından qiymətləndirir.Digər tərəfdən bu mövqe orta güclərin diplomatiyasının güclənməsi tendensiyasına uyğundur. Son illər həm Azərbaycan, həm də BƏƏ regionda vasitəçi rolunda çıxış etməyə çalışır, müxtəlif münaqişə tərəfləri arasında dialoq kanalları saxlayır. Azərbaycan həmçinin Qoşulmama Hərəkatına sədrlik dövründə çoxtərəfli diplomatiya platformalarında aktiv iştirak edib və balanslaşdırılmış xarici siyasət modeli formalaşdırıb. Hər iki ölkənin ritorikasında hərbi həll deyil, siyasi-diplomatik mexanizmlərin önə çəkilməsi də məhz bu xəttin davamıdır.Verilən mesaj həm də suverenlik və beynəlxalq hüquq prinsipinə istinaddır. Kiçik və orta dövlətlər üçün beynəlxalq sistemdə qayda əsaslı nizamın qorunması həyati əhəmiyyət daşıyır. Əgər regionda güc tətbiqi normaya çevrilərsə, bu presedent digər coğrafiyalara da sirayət edə bilər. Ona görə də Bakı və Əbu-Dabi üçün eskalasiyanın qarşısının alınması yalnız regional məsələ deyil, daha geniş təhlükəsizlik mühitinə təsir edən faktordur.Bu çərçivədə mümkün birgə təşəbbüslər bir neçə istiqamətdə inkişaf edə bilər. Birincisi, humanitar diplomatiya sahəsində koordinasiya. Hər iki ölkə humanitar yardım və yenidənqurma layihələrində aktivdir. Birgə humanitar fond və ya böhran bölgələrində koordinasiyalı yardım mexanizmi onların konstruktiv rolunu gücləndirə bilər. İkincisi, enerji təhlükəsizliyi platformaları. Azərbaycan enerji təchizatçısı, BƏƏ isə həm istehsalçı, həm də investisiya mərkəzidir. Qlobal bazarlarda sabitliyin qorunması üçün birgə təşəbbüslər, alternativ marşrutlar, strateji ehtiyat mexanizmləri və yaşıl enerji layihələri eskalasiya risklərinin iqtisadi təsirini azalda bilər.Üçüncüsü, diplomatik vasitəçilik. BƏƏ artıq regionda əlaqə kanallarına malikdir, Azərbaycan isə müxtəlif siyasi mərkəzlərlə balanslı münasibətlər saxlayır. Rəsmi və ya qeyri-rəsmi dialoq platformalarının təşviqi, ekspert görüşləri və çoxtərəfli konfransların təşkili iki ölkənin yumşaq gücünü artırar. Ümumiləşdirərək deyə bilərik ki, Azərbaycanın və BƏƏ-nin eskalasiyaya qarşı ehtiyatlı mövqeyi neytral passivlik deyil, hesablanmış sabitlik strategiyasıdır. Bu yanaşma göstərir ki, regionda yalnız böyük güclər deyil, praqmatik orta aktorlar da təhlükəsizlik gündəmini formalaşdırmaq potensialına malikdir".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər