PDF Oxu

Siyasət

  • 772

Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir - ŞƏRH

image

Tarix bəzən uzun illər cavabsız qalan suallar qoyur. Lakin dövlət iradəsi və milli birlik o suallara gec də olsa cavab verir. Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir. Bu, təkcə bir memarlıq obyektinin istifadəyə verilməsi deyil, bu, illərlə qəlbimizdə daşıdığımız ağrının öz doğma torpağında əbədiləşdirilməsi, tarixi yaddaşın bərpası və dövlət suverenliyinin mənəvi təsdiqidir.

1992-ci ilin fevralında baş vermiş Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında sağalmaz yara açdı. Dinc əhaliyə qarşı törədilmiş bu vəhşilik beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi və uzun illər ədalətin təmin olunmaması milli şüurumuzda dərin iz buraxdı. Xocalı adı bir tərəfdən faciənin, digər tərəfdən isə yarımçıq qalmış haqqın rəmzinə çevrildi. Lakin tarix göstərdi ki, milli yaddaş unudulmur və dövlət iradəsi varsa, ədalət geciksə də bərpa olunur.

Müstəqil Azərbaycan dövlətinin ideoloji əsaslarını müəyyən edən Heydər Əliyev hər zaman milli yaddaşın qorunmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi. Onun müəyyən etdiyi dövlətçilik konsepsiyası tarixə sahib çıxmağı, xalqın ağrısını və qürurunu siyasi iradə ilə birləşdirməyi əsas prinsip kimi qəbul edirdi. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan ardıcıl fəaliyyət də məhz bu siyasi xəttin tərkib hissəsi idi. Bu gün Xocalıda Memorial Kompleksin açılması həmin ideoloji xəttin davamı, dövlətçilik iradəsinin zamanla sınaqdan çıxmış təzahürüdür.

2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələndi. Ali Baş Komandan, Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan Ordusu dövlət–ordu–xalq birliyinin gücünü nümayiş etdirdi və illərlə davam edən işğala son qoydu. Bu qələbə yalnız hərbi əməliyyatların uğurla yekunlaşması deyildi; bu, tarixi ədalətin bərpası yolunda atılmış həlledici addım idi. Xocalıya qayıdış və məhz həmin torpaqda memorialın ucaldılması bu Zəfərin siyasi və mənəvi davamıdır.

Vətən müharibəsinin iştirakçısı, bir veteran kimi mənim üçün bu hadisə xüsusi məna daşıyır. Səngərdə anlayırsan ki, Vətən anlayışı abstrakt deyil; o, konkret torpaqdır, konkret şəhərdir, konkret talelərdir. Bizim üçün Xocalı sadəcə tarix kitablarında yazılan faciə deyildi, o, yarımçıq qalmış ədalət idi. Bu gün Memorial Kompleksin məhz Xocalıda açılması şəhidlərin ruhuna ehtiramın, qazilərin mübarizəsinin və xalqın sarsılmaz iradəsinin real nəticəsidir. Bu, qisas anlayışı deyil; bu, haqqın və hüququn öz yerini tapmasıdır.

Bu gün vətənpərvərlik yalnız silahla müdafiə deyil, həm də quruculuq, dövlətə sədaqətli xidmət və tarixi həqiqətlərin qorunmasıdır. Memorial Kompleksin açılışı göstərir ki, Ulu Öndərin müəyyən etdiyi dövlətçilik xətti və Ali Baş Komandanın qətiyyətli siyasəti nəticəsində Azərbaycan təkcə torpaqlarını deyil, eyni zamanda tarixi ədalətini də bərpa edir. Məhz buna görə Memorial Kompleksin Xocalıda açılışı ədalətin təntənəsidir – milli yaddaşın, dövlət iradəsinin və xalq birliyinin təntənəsi.

İsa İsayev

YAP Naftalan şəhər təşkilatının fəalı, Vətən müharibəsi veteranı

Digər xəbərlər