Tarix boyu xalqların yaddaşında dərin iz buraxan faciələr yalnız keçmişin hadisəsi deyil, onlar həm də bu günün ədalət anlayışını formalaşdıran əsas amillərdir. Azərbaycan xalqı üçün Xocalı soyqırımı təkcə ağır humanitar faciə deyil, həm də ədalət və tarixi ədalət anlayışlarının konkret təzahürüdür.
Bu gün Memorial Kompleksin məhz Xocalıda açılması dərin rəmzi məna daşıyır. Vaxtilə işğal altında olan torpaqda bu cür möhtəşəm abidənin ucaldılması Azərbaycan dövlətinin qətiyyətinin və xalqımızın əyilməz ruhunun göstəricisidir. İllərlə doğma yurd həsrəti ilə yaşayan Xocalı sakinlərinin bu mərasimdə iştirakı tarixi ədalətin bərpasının canlı şahididir.
Memorial Kompleks milli yaddaş institutuna çevrilərək gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayacaq. Burada təkcə hüzn deyil, həm də qürur var, çünki bu gün Xocalı azaddır, Azərbaycan suverendir və dövlət öz vətəndaşlarının haqqını təmin etmək gücündədir.
Cənab Prezident İlham Əliyevin çıxışı göstərdi ki, Xocalı mövzusu artıq yalnız faciə kontekstində deyil, həm də qələbə və dirçəliş kontekstində təqdim olunur. Bu, milli psixologiyada mühüm dönüş nöqtəsidir. Azərbaycan xalqı artıq məğlubiyyət sindromundan uzaqdır, qalib xalq kimi öz tarixini yazır və gələcəyini qurur.
Xocalı Soyqırımı Memorialının açılışı Azərbaycan dövlətinin siyasi iradəsinin, hüquqi gücünün və milli həmrəyliyinin təntənəsidir. Bu hadisə bir daha təsdiqləyir ki, tarixi ədalət gec də olsa bərpa olunur və güclü dövlət üçün mümkünsüz heç nə yoxdur.
Bu gün Xocalı şəhərində həyat yenidən bərpa olunur, Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlər doğma torpaqlarına qayıdırlar. Bu faktın özünü tarixi ədalətin bərpasının ən parlaq sübutu kimi qeyd etmək olar. Bu gün Azərbaycan qalib dövlətdir və artıq Xocalıda Azərbaycan bayrağı dalğalanır. Ədalətin təmin olunması cəmiyyətin mənəvi sağalması üçün vacibdir. Qurbanların xatirəsinin anılması, memorialların ucaldılması, beynəlxalq maarifləndirmə kampaniyaları bütün bunlar tarixi ədalətin tərkib hissəsidir. Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınması və düzgün qiymətləndirilməsi Azərbaycan üçün yalnız siyasi məsələ deyil, həm də milli ləyaqət və yaddaş məsələsidir.
İlkin Bağırov
YAP Babək rayon təşkilatının əməkdaşı