Masallı rayon Heydər Əliyev Mərkəzi, Tarix-diyarşünaslıq Muzeyi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Ombudsmanın Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı sayəsində “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına dair Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində baş tutan “Bərabərlik hüquqlarının təmin edilməsi və etnik azlıqların mədəni irsinin qorunub saxlanması və hüquqi təminində dövlət siyasəti” mövzusunda dəyirmi masada əsas məqsəd bərabərlik hüquqlarının təşviqi, ayrı-seçkiliyin qarşısının alınması, etnik azlıqların hüquqlarının qorunması və mədəni irsin mühafizəsi istiqamətində aparılan dövlət siyasəti barədə ictimai maarifləndirmənin gücləndirilməsi olub.
Dəyirmi masada insan hüquqları sahəsində milli qanunvericilik, institusional mexanizmlər, habelə multikultural dəyərlərin cəmiyyətdə rolu ətrafında fikir mübadiləsi aparılıb. Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov mövzu haqqında deyib:- Azərbaycanda etnik və mədəni müxtəlifliyin qorunması dövlət siyasətinin prioritet istiqaməti sayılır. Cəmiyyətdə tolerantlıq mühitinin möhkəmləndirilməsi, mədəni irsin yaşadılması və bərabər hüquqların təmin olunması sosial həmrəyliyin, davamlı inkişafın vacib amilidir.
Həmçinin mövzu ətrafında digər iştirakçılar da fikirlərini, təkliflərini bildirib, hüquqi şüurun artırılmasının, mədəni müxtəlifliyin qorunmasına yönəlmiş fəaliyyətlərin əhəmiyyətini qeyd ediblər.
Tədbirin sonunda bərabərlik hüquqlarının mahiyyəti, etnik azlıqların mədəni irsinin qorunması istiqamətində görülən işlər və bu sahədə dövlət siyasətinin əsas istiqamətləri əks olunan video çarx izlənilib.
Zəfər Orucoğlu
Azərbaycan Jurnalistlər Birliyinin üzvü