“Azərbaycan–ABŞ, İsrail–İran müharibəsi fonunda 25-dən artıq ölkənin ümid yerinə çevrilib”.Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Nigar Məmmədova bildirib.Onun sözlərinə görə, İrandakı xarici ölkə vətəndaşlarının təxliyəsi üçün 25-dən çox ölkə rəsmi Bakıya müraciət edib:” Təxliyə prosesi Astara Sərhəd Gömrük-Keçid məntəqəsindən həyata keçirilir. Artıq İran İslam Respublikasından Azərbaycana ümumilikdə 600-dən çox insan təxliyə edilib.Bu, ilk növbədə humanitar məsuliyyət və beynəlxalq həmrəylik nümunəsidir. Bu operativ dəstək Azərbaycanın humanitar dəyərlərə sadiqliyini göstərir. Böhran vəziyyətində insanların təhlükəsizliyinin təmin olunmasına töhfə vermək həm də konstruktivlik nümunəsidir. Azərbaycanın coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu ölkəni regionda mühüm tranzit qovşağına çevirib. Təxliyə prosesində operativ logistika və təhlükəsizlik imkanlarının təqdim edilməsi ölkənin böhran vəziyyətlərində etibarlı tərəfdaş kimi çıxış edə bildiyini praktik şəkildə sübut edir. Bu cür təcrübə gələcəkdə də Azərbaycanın regional humanitar və təhlükəsizlik təşəbbüslərində rolunu gücləndirir.Prezident İlham Əliyevin Rusiya Federasiyası Hökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçukla görüşündə də Rusiya tərəfi regionda mürəkkəb və gərgin şərait fonunda Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində operativ köməyə görə Azərbaycan rəhbərliyinə səmimi təşəkkürünü bildirib.Məlum olduğu kimi, Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, biz ölkəmizin ərazisindən İrana və digər dövlətlərə qarşı istifadə olunmasına heç vaxt imkan verməyəcəyik. Rəsmi Bakı hər zaman bu vədinə sadiqdir.Hazırkı mürəkkəb böhran vəziyyətində humanitar əməkdaşlıq isə siyasi dialoq üçün əlavə platforma yaradır. Bu baxımdan Azərbaycanın rolu yalnız tranzit ölkə funksiyası ilə məhdudlaşmır, həm də sabitlik və təhlükəsizliyi təşviq edən tərəf kimi çıxış edir.Bu addım Cənubi Qafqaz və ətraf regionda sabitliyin möhkəmlənməsinə əlavə töhfə verir”.
Müəllif: Günay Hacıyeva