PDF Oxu

Siyasət

  • 656

Biz 12 ölkəyə qaz tədarük edirik - ŞƏRH

image

Bu gün Azərbaycan regionda nəhəng enerji layihələrinin müəllifinə və fəal iştirakçısına çevrilib. Ölkəmizin təşəbbüskarı olduğu layihələr təkcə region üçün deyil, dünya miqyasında da böyük əhəmiyyət daşıyır. Hər dəfə olduğu kimi, yenə də Azərbaycan ev sahibliyi edir, bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilib.

Beynəlxalq toplantıda Azərbaycan və Avropa daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti, bir sıra ölkələrin nazirləri, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələri iştirak ediblər. Məşvərət Şurası çərçivəsində Azərbaycan-Avropa İttifaqı Yaşıl Bağlantı üzrə İnvestisiya dəyirmi masası keçirilib. Bu mötəbər tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş çıxış edib.

Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biri hesab olunur. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində reallaşdırılan bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi möhkəmlənməsinə şərait yaradıb. Ölkə başçısı tədbirdəki çıxışında bildirib: “Sonuncu dəfə bu auditoriya qarşısında çıxış edərkən bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir”.

Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələrinin qeyd etdikləri kimi, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır.
Bununla yanaşı, Azərbaycan "yaşıl enerji" sektorunda da iddialı hədəflər müəyyən edərək bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində mühüm təşəbbüslər həyata keçirir. "Yaşıl enerji" mənbələrindən əldə edilən elektrik enerjisinin ixracı Azərbaycanın enerji strategiyasında yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Ölkəmizdə bərpaolunan enerji mənbələrinin genişləndirilməsi Prezident İlham Əliyevin əsas prioritetlərindən biri kimi müəyyən edilib və 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bu mənbələrin payının 30 faizə çatdırılması əsas hədəf kimi qəbul edilib.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində keçirilən görüşlərdən aydın olur ki, Azərbaycanın "Yaşıl enerji" potensialı gündəlikdə duran əsas məsələdir. Prezident İlham Əliyevin Bakı Konqres Mərkəzindəki çıxışında dediyi kimi, "cari ilin yanvarında regionda indiyədək ən böyük külək elektrik stansiyasının - 240 meqavat gücündə obyektin açılışı olub. Layihə "ACWA Power" tərəfindən maliyyələşdirilib və həyata keçirilib.
Bu, bizim artıq malik olduğumuz potensiala əlavə edilən yeni yaşıl enerji mənbəyidir. 2023-cü ildə "Masdar" şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edib. Bir neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə biz alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışını gözləyirik".

Vüqar İsmayılov

Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının əməkdaşı

Digər xəbərlər