Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası qlobal enerji gündəliyinin müzakirə edildiyi mühüm beynəlxalq platformaya çevrilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev enerji təhlükəsizliyinin təmin olunmasında əməkdaşlığın və qarşılıqlı etimadın rolunu xüsusi vurğulayaraq Azərbaycanın bu sahədə artan əhəmiyyətini bir daha diqqətə çatdırıb.
Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynayır. Dünyanın dəyişdiyi, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyətinin daha da artdığı bir zamanda keçirilən bu tədbir qarşıda dayanan yeni vəzifələri açıqladı və səylərin birləşdirilməsinə çağırışlar etdi. Azərbaycanın enerji diplomatiyasının ən böyük iqtisadi nəticəsi özünü ixrac coğrafiyasının sürətli genişlənməsində göstərir. Hazırda boru kəmərləri vasitəsilə qaz tədarük edilən ölkələrin sayına görə Azərbaycanın dünyada ön sıralarda olması təsadüfi deyil. Bu, gəlirlərin sabitləşməsi və geosiyasi risklərin minimuma endirilməsi deməkdir. Almaniya və Avstriya kimi nəhəng iqtisadiyyatların Azərbaycan qazını alan ölkələr sırasına qoşulması ölkəmizin Avropa bazarında mövqelərinin sarsılmaz olduğunu nümayiş etdirir. İxracın şaxələndirilməsi strategiyası çərçivəsində Suriyaya 1,5 milyard kubmetr həcmində qaz tədarükünün başlanması Azərbaycanın yeni və fərqli bazarlara çıxış imkanlarını genişləndirir. Bu addım göstərir ki, Azərbaycan üçün şaxələndirmə yalnız istehlakçılar üçün deyil, bir istehsalçı kimi dövlətimizin iqtisadi dayanıqlığının əsas elementidir.
Prezident çıxışında enerji siyasətində şaxələndirmənin mühüm rol oynadığını da xüsusi vurğulayıb. Onun sözlərinə görə, qaz təchizatının şaxələndirilməsi həm istehlakçı, həm də istehsalçı ölkələr üçün strateji əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan istehsalçı ölkə kimi yeni bazarların açılması və enerji marşrutlarının genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Dövlət başçısı qeyd edib ki, istehsalçı, tranzit və istehlakçı ölkələr arasında formalaşmış əməkdaşlıq modeli qarşılıqlı fayda və ortaq maraqlar prinsipi əsasında qurulduğu üçün bu tərəfdaşlıq uzunmüddətli və davamlı xarakter daşıyır.
SƏBİNƏ SƏLİMOVA
YAP Masallı rayon təşkilatının əməkdaşı