Azərbaycan enerji ehtiyatlarına malik ölkə olmaqla yanaşı, həm də bu ehtiyatların beynəlxalq bazarlara təhlükəsiz və fasiləsiz çatdırılmasında mühüm tranzit ölkə rolunu oynayır. Ölkənin əlverişli coğrafi mövqeyi – Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi – ona enerji dəhlizlərinin əsas iştirakçılarından biri olmaq imkanı vermişdir. Xəzər hövzəsində hasil olunan neft və qazın dünya bazarına çıxarılmasında Azərbaycan həm istehsalçı, həm də tranzit ölkə kimi strateji əhəmiyyət daşıyır.
Müstəqillik əldə etdikdən sonra Azərbaycan enerji siyasətini milli maraqlara uyğun şəkildə qurmuşdur. Bu siyasətin əsasını isə 1994-cü ildə imzalanmış və tarixə “Əsrin müqaviləsi” kimi düşmüş saziş təşkil edir. Bu müqavilə nəticəsində Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin neft yataqlarının işlənilməsi üçün xarici şirkətlərlə geniş əməkdaşlıq başlandı. Bunun davamı olaraq beynəlxalq əhəmiyyətli boru kəmərləri inşa edildi və Azərbaycan enerji resurslarının ixrac coğrafiyası genişləndirildi.
Azərbaycanın tranzit ölkə kimi rolunu daha da gücləndirən əsas layihələrdən biri Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməridir. 2006-cı ildə istifadəyə verilən bu kəmər Xəzər neftini Gürcüstan vasitəsilə Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanına çatdırır. Bu layihə təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan böyük əhəmiyyətə malikdir. BTC kəməri region ölkələri arasında əməkdaşlığı möhkəmləndirmiş, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə vermişdir.
Təbii qaz sahəsində isə Azərbaycanın ən mühüm layihələrindən biri Cənub Qaz Dəhlizidir. Bu dəhliz vasitəsilə Xəzərin “Şahdəniz” yatağından hasil olunan qaz əvvəlcə Gürcüstana və Türkiyəyə, daha sonra isə Avropa ölkələrinə nəql edilir. Layihənin əsas seqmentləri sırasında Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) yer alır. Bu layihələr Azərbaycanın tranzit imkanlarını genişləndirməklə yanaşı, ölkəni Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaşlardan birinə çevirmişdir.
Azərbaycan yalnız öz enerji ehtiyatlarını deyil, eyni zamanda digər ölkələrin resurslarını da öz ərazisindən tranzit etməyə imkan yaradır. Bu baxımdan ölkə regional enerji mərkəzinə çevrilməkdədir. Azərbaycan ərazisindən keçən boru kəmərləri vasitəsilə Xəzər regionunun enerji resursları dünya bazarlarına daha qısa və təhlükəsiz marşrutla çıxarılır. Bu isə həm istehsalçı, həm də istehlakçı ölkələr üçün etibarlı və sabit enerji təchizatı deməkdir.
Enerji layihələrinin reallaşdırılması ölkənin iqtisadi inkişafına da güclü təkan vermişdir. Neft və qaz gəlirləri hesabına infrastruktur layihələri həyata keçirilmiş, sosial rifah yüksəlmiş və qeyri-neft sektorunun inkişafına sərmayələr yatırılmışdır. Bununla yanaşı, Azərbaycan enerji diplomatiyasını da fəal şəkildə aparır, müxtəlif beynəlxalq platformalarda enerji təhlükəsizliyi məsələlərində aktiv iştirak edir.
Son illərdə Avropada enerji təhlükəsizliyinin aktuallaşması Azərbaycanın tranzit rolunu daha da artırmışdır. Avropa ölkələri enerji mənbələrinin şaxələndirilməsinə böyük önəm verir və bu baxımdan Azərbaycan etibarlı tərəfdaş kimi çıxış edir. Ölkənin siyasi sabitliyi, beynəlxalq öhdəliklərə sadiqliyi və mövcud infrastruktur imkanları onun tranzit ölkə kimi nüfuzunu möhkəmləndirir.
Beləliklə, Azərbaycan yalnız zəngin enerji ehtiyatlarına malik dövlət deyil, həm də bu ehtiyatların beynəlxalq bazarlara təhlükəsiz və fasiləsiz çatdırılmasını təmin edən mühüm tranzit ölkədir. Reallaşdırılan qlobal enerji layihələri ölkənin geosiyasi əhəmiyyətini artırmış, onu regionun enerji xəritəsində əsas aktorlardan birinə çevirmişdir. Gələcəkdə yeni enerji marşrutlarının və alternativ enerji layihələrinin həyata keçirilməsi Azərbaycanın bu rolunu daha da gücləndirəcəkdir.
Ələmdar Cabbarov
YAP Ordubad rayon təşkilatının sədr müavini