PDF Oxu

Siyasət

  • 424

Etibarlı enerji strategiyası - ŞƏRH

image

Azərbaycan coğrafi mövqeyinə, zəngin enerji ehtiyatlarına və ardıcıl enerji siyasətinə görə Avrasiya məkanında strateji əhəmiyyət daşıyan ölkələrdən biridir. Xəzər hövzəsi ilə Avropanı birləşdirən əsas körpü rolunu oynayan Azərbaycan təkcə enerji istehsalçısı deyil, həm də etibarlı tranzit ölkə kimi beynəlxalq nüfuz qazanmışdır. Bu rol ölkənin iqtisadi inkişafına təkan verməklə yanaşı, regional və qlobal enerji təhlükəsizliyinin təmin olunmasına da mühüm töhfə verir.

Müstəqilliyin ilk illərindən etibarən həyata keçirilən uzaqgörən enerji strategiyası Azərbaycanın bu sahədə mövqeyini möhkəmləndirmişdir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan “Əsrin müqaviləsi” ölkənin enerji tarixində dönüş nöqtəsi olmuş, yeni ixrac marşrutlarının formalaşmasına və beynəlxalq əməkdaşlığın genişlənməsinə şərait yaratmışdır. Bu strategiya sonrakı mərhələdə İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, Azərbaycan qlobal enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirmişdir.

Azərbaycanın tranzit ölkə kimi rolunu gücləndirən ən mühüm təşəbbüslərdən biri Cənub Qaz Dəhlizidir. Bu layihə Xəzər qazının Avropa bazarlarına təhlükəsiz və fasiləsiz şəkildə çatdırılmasını təmin edir. Dəhlizin əsas seqmentləri olan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan qazı Türkiyə və Avropa ölkələrinə ixrac olunur. Bununla yanaşı, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi strateji xətlər regionun enerji xəritəsini yenidən formalaşdırmışdır.

Son illər Azərbaycan yalnız ənənəvi enerji resurslarının deyil, həm də “yaşıl enerji”nin təşviqi istiqamətində mühüm addımlar atır. Bakıda keçirilən 12-ci Qlobal Bakı Forumu çərçivəsində təşkil olunmuş Yaşıl Enerji Müzakirələrində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlandığını vurğulamışdır. Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycan həm karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı, həm də bərpa olunan enerji sahəsində regional lider olmağı qarşısına məqsəd qoyub. O bildirmişdir ki, ölkənin böyük külək və günəş enerjisi potensialı mövcuddur və artıq bu istiqamətdə beynəlxalq şirkətlərlə mühüm sazişlər imzalanıb. Prezidentin sözlərinə görə, gələcəkdə “yaşıl enerji”nin ixracı və hətta Avropaya ötürülməsi Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək.

Bu baxımdan, Azərbaycanın enerji strategiyası yalnız bugünkü tələbatı deyil, həm də gələcəyin çağırışlarını nəzərə alır. Enerji təhlükəsizliyi məsələsinin qlobal miqyasda aktuallıq qazandığı bir dövrdə ölkənin sabit siyasi mühiti, etibarlı tərəfdaş imici və şaxələndirilmiş ixrac marşrutları onun tranzit rolunu daha da gücləndirir.

Nəticə etibarilə, Azərbaycan enerji ehtiyatlarının hasilatı və ixracı ilə yanaşı, onların təhlükəsiz, dayanıqlı və sabit şəkildə dünya bazarlarına çatdırılmasında mühüm tranzit mərkəzdir. Strateji layihələr, beynəlxalq əməkdaşlıq və yaşıl enerjiyə keçid siyasəti ölkəni regionun aparıcı enerji qovşaqlarından birinə çevirmişdir. Bu isə Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolunu getdikcə artırır və onu həm ənənəvi, həm də alternativ enerji sahəsində etibarlı tranzit ölkə kimi möhkəmləndirir.

Nicat Əsədli

YAP Ordubad rayon təşkilatının əməkdaşı

Digər xəbərlər