Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edərək geniş məzmunlu çıxış edib.
Dövlətimizin başçısı çıxışında Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, bu layihə təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan strateji əhəmiyyət daşıyır. Azərbaycanın təşəbbüsü və tərəfdaş ölkələrlə sıx əməkdaşlığı nəticəsində reallaşan Cənub Qaz Dəhlizi bu gün etibarlı və dayanıqlı enerji marşrutu kimi fəaliyyət göstərir.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi tanınır və götürdüyü bütün öhdəlikləri vaxtında və yüksək səviyyədə yerinə yetirir. Bu isə ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirir.
Dövlət başçısı çıxışında qlobal enerji bazarında baş verən dəyişikliklərə də toxunaraq bildirib ki, enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Mövcud geosiyasi reallıqlar fonunda sabit və şaxələndirilmiş enerji mənbələrinin əhəmiyyəti daha da artıb.
Bu baxımdan Azərbaycan həm təbii qaz ixracını artırır, həm də yeni bazarlara çıxış imkanlarını genişləndirir. Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmiz enerji sahəsində uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığa sadiqdir.
Tədbir çərçivəsində keçirilən Yaşıl Enerji Məşvərət Şurasının iclasında Dövlətimizin başçısı Azərbaycanın bərpaolunan enerji sahəsindəki potensialından da bəhs edib. Qeyd olunub ki, ölkəmiz günəş və külək enerjisi baxımından böyük imkanlara malikdir və bu sahədə beynəlxalq investorlarla uğurlu əməkdaşlıq həyata keçirilir.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın enerji strategiyası yalnız ənənəvi enerji resursları ilə məhdudlaşmır. Yaşıl enerji zonalarının yaradılması, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpaolunan enerji layihələrinin icrası ölkəmizin dayanıqlı inkişaf kursunun göstəricisidir.
Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları artıq beynəlxalq enerji dialoqu üçün mühüm platformaya çevrilib. Bakı şəhəri qlobal enerji siyasətinin müzakirə olunduğu əsas mərkəzlərdən biri kimi çıxış edir. Bu isə Azərbaycanın artan siyasi və iqtisadi çəkisinin bariz göstəricisidir.
Prezident İlham Əliyevin çıxışı bir daha nümayiş etdirdi ki, Azərbaycan həm ənənəvi enerji sahəsində, həm də yaşıl enerji istiqamətində ardıcıl və uzaqgörən siyasət yürüdür. Ölkəmiz enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, qlobal çağırışlara uyğun şəkildə transformasiya prosesini uğurla davam etdirir.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri