PDF Oxu

Siyasət

  • 535

Azərbaycanın qlobal enerji strateqiyasının təməli - ŞƏRH

image

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında Prezident İlham Əliyev geniş və strateji məzmunlu çıxış edib. Dövlət başçısı çıxışında Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi mövqeyini, regional və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri xüsusi vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, Cənub Qaz Dəhlizi bu gün təkcə regional layihə deyil, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan strateji infrastrukturdur. Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən bu layihə bir çox ölkələri və beynəlxalq tərəfdaşları bir araya gətirərək enerji əməkdaşlığının yeni mərhələsini formalaşdırıb. Dövlət başçısı Azərbaycanın üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və keyfiyyətlə yerinə yetirdiyini diqqətə çatdırıb.

Çıxış zamanı Prezident İlham Əliyev Yaşıl Enerji Məşvərət Şurasının əhəmiyyətinə də toxunaraq bildirib ki, Azərbaycan enerji siyasətində yeni dövrə qədəm qoyub. Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji zonası”nın yaradılması, bərpaolunan enerji layihələrinin sürətlə icrası ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindəndir. Prezident vurğulayıb ki, günəş və külək enerjisi potensialı Azərbaycanın enerji balansında mühüm yer tutacaq.

Dövlət başçısı həmçinin qeyd edib ki, ənənəvi enerji ilə yaşıl enerjinin paralel inkişafı Azərbaycanın enerji strategiyasının əsas prinsipidir. Bu yanaşma ölkənin həm ixrac imkanlarını genişləndirir, həm də qlobal iqlim dəyişiklikləri ilə mübarizəyə real töhfə verir.

Prezident İlham Əliyevin çıxışı Azərbaycanın enerji sahəsində lider ölkə kimi mövqeyini bir daha təsdiqləməklə yanaşı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və dayanıqlı gələcəyin qurulması baxımından mühüm mesajlarla yadda qalıb.

Rauf Nəcəfov

YAP Sədərək rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər