“Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında çıxışında ölkəmizin enerji strategiyası və qarşıda duran hədəflər barədə mühüm məsələlərdən bəhs edib. Ölkəmizin başçısı Azərbaycanın enerji siyasətinin strateji prioritetləri, regional və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələr, həmçinin bərpaolunan enerji sahəsində həyata keçirilən genişmiqyaslı islahatları diqqətə çatdırdı. Bu bir reallıqdır ki, Bakı şəhəri artıq enerji təhlükəsizliyi və enerji əməkdaşlığı məsələlərinin müzakirə olunduğu mühüm beynəlxalq platformaya çevrilib. Məşvərət Şurası çərçivəsində aparılan müzakirələr də qarşılıqlı etimadın möhkəmləndirilməsinə, tərəfdaş ölkələr və beynəlxalq maliyyə institutları arasında əlaqələrin genişləndirilməsinə xidmət edir.” Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.O qeyd edib ki, dövlətimizin başçısının da vurğuladığı kimi Cənub Qaz Dəhlizi Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılmış nəhəng transmilli enerji layihəsidir:“Bu layihə enerji mənbələrinin və marşrutların şaxələndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına real töhfə verir.Sözsüz ki, layihənin bütün əsas komponentlərindən olan “Şahdəniz” yatağının işlənməsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP kəmərlərinin uğurla icra olunması ilə bağlıdır. Bu gün Azərbaycan qazı bir sıra Avropa ölkələrinin enerji balansında mühüm yer tutur. Qarşıdakı dövrdə isə ölkə başçısının da bəyan etdiyi kimi qaz təchizatının artırılması istiqamətində də konkret addımlar atılır. Bunun üçün isə mövcud infrastrukturun ötürücülük qabiliyyətinin genişləndirilməsi istiqamətində mühüm addımların atılması labüddür.
Hazırkı müasir dövrdə enerji təhlükəsizliyi hər bir dövlət üçün strateji məsələdir. Qlobal enerji bazarlarında müşahidə olunan dəyişikliklər, geosiyasi gərginliklər və artan tələbat fonunda etibarlı və uzunmüddətli tərəfdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bu mənada Azərbaycanın hər zaman üzərinə götürdüyü öhdəliklərə sadiq ölkə kimi tərəfdaşları ilə etibarlı təchizatçı kimi mövqeyini möhkəmləndirib.
Təbii ki, hazırkı şəraitdə qarşıda duran mühüm məsələlərdən biri də yaşıl enerji və enerji keçidi məsələləri ilə bağlıdır. Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malik olmaqla yanaşı, eyni zamanda bərpaolunan enerji sahəsində böyük potensiala sahibdir. Ölkənin xüsusilə günəş və külək enerjisi üzrə imkanları geniş perspektivlər açır. Xəzər dənizinin Azərbaycan sektorunda böyük həcmdə külək enerjisi potensialı mövcuddur və bu imkanlardan səmərəli istifadə olunması istiqamətində beynəlxalq tərəfdaşlarla əməkdaşlıq həyata keçirilir. Həmçinin, ölkənin müxtəlif bölgələrində günəş və külək elektrik stansiyalarının tikintisi üzrə müqavilələr imzalanıb və bu layihələrin icrasına başlanılıb. Həmçinin yaşıl enerji layihələrinin həyata keçirilməsi daxili enerji balansının optimallaşdırılmasına, təbii qaz resurslarının daha çox ixraca yönəldilməsinə və karbon emissiyalarının azaldılmasına xidmət edir. Bu yanaşma Azərbaycanın davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir”.
Deputat bildirib ki, enerji layihələri yalnız iqtisadi deyil, eyni zamanda siyasi və strateji əhəmiyyət daşıyır:
“Bu layihələr regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə töhfə verir. Azərbaycan təşəbbüskar və etibarlı tərəfdaş kimi regional və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsində fəal rol oynamaqda davam edir. Gələcək dövrdə həm Cənub Qaz Dəhlizi çərçivəsində, həm də yaşıl enerji sahəsində yeni layihələrinin icrası nəzərdə tutulur. Enerji infrastrukturlarının modernləşdirilməsi, ötürücülük imkanlarının genişləndirilməsi və yeni ixrac marşrutlarının formalaşdırılması da prioritet istiqamətlərdəndir.
Bu mənada Bakıda keçirilən Məşvərət Şurasının fəaliyyəti çərçivəsində qəbul olunacaq qərarların qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminlik mövcuddur. Dövlətimizin başçısı da Azərbaycan bundan sonra da enerji təhlükəsizliyinin təmin olunması və yaşıl enerji keçidinin təşviqi istiqamətində ardıcıl və məqsədyönlü siyasətini davam etdirəcəyini bir daha bəyan edib. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan etibarlı enerji təminatçısı olmaqla yanaşı həm də strateji tərəfdaş mövqeyini də günü-gündən gücləndirir. Bu da ölkəmizin uğurlu enerji strategiyasının tərkib hissəsidir. Azərbaycanın enerji siyasəti sülhə, əməkdaşlığa, regional və qlobal miqyasda etibarlı tərəfdaşlığın formalaşmasına xidmət edir”.