Azərbaycan qadını tarixdə öz igidliyi, mərdliyi, dönməzliyi, isti yuvasına bağlılığı ilə tanınmışdır. Azərbaycan qadını ana olmaqla yanaşı, öz həyat yoldaşına arxa olmuş, onlarla çiyin-çiyinə Vətəni qorumuş, mərdi-mərdanə döyüşlərə atılmışdır. Əlçatmaz göylərə ucalan ana hünəri, dünyaya əks-səda salan ana laylası hər birimizin qoluna qüvvət, ruhuna qida vermişdir.
1969-cu ildən sonra ölkəmizdə hakimiyyətdə olan ilk dövrlərdə ümummilli liderimiz Heydər Əliyev qadın hərəkatını, qadınların hüquqlarının qorunmasını, onların cəmiyyətdə layiqli yer tutması məsələlərini daim diqqət mərkəzində saxlayır, problemlərə qayğı ilə yanaşırdı. Azərbaycan qadının hərtərəfli yüksəlişi, rahatlığı, xoşbəxtliyi üçün Heydər Əliyev bir millət atası kimi nə lazımdırsa edirdi. Dahi insan qadınların təhsilinə, sağlamlığına, normal iş və istirahət şəraitinə, ictimai həyatda fəallığına qayğısını əsirgəmirdi. Qadınlarımızın milli xüsusiyyətlərini olduqca yüksək dəyərləndirirdi. Ulu öndərimiz Heydər Əliyev qadınlar üçün haqqında deyirdi: “Cəmiyyətdə qadınların üzərinə çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi, indi də cəmiyyətdə aparıcı rol oynayırlar”.
Ölkəmizin vitse-prezidenti, YAP sədrinin I müavini, Heydər Əliyev fondunun Prezidenti Mehriban xanım Əliyevanın xaricdə və ölkəmizdə əsl azərbaycanlı qadın kimi xalqımız üçün etdiyi böyük xidmətlər, xeyriyyəçilik, humanistlik dəyərləri, qadınlarda qürur hissi doğurur.
Lakin tarix göstərdi ki,1991-1993-cü illərdə ölkəmizdə yaranan hakimiyyətsizlik, hərc-mərclik baş alıb gedir, ağsaqqal və ağbirçəklərə, qadınlara, analara laqeydlik göstərilirdi. Milli-mənəvi dəyərlər dağılır, müstəqillik əldə etmiş gənc respublikamız məhv olmaq təhlükəsində idi. Vətəndaş müharibəsi alovlanırdı, analar, bacılar göz yaşı tökürdülər.
Xalqımız nicat yolunu axtarırdı. Nəhayət, xalqımız 15 iyun 1993-cü ildə ümummilli liderini, Heydər Əliyevi özünə rəhbər seçdi. Xalq öz taleyini inamla ulu öndərimiz Heydər Əliyevə etibar etdi. Ölkəmizin, YAP-ın həyatında və dövlət sturukturlarında qadınlar da fəal iştirak etməyə başladılar. Onlar ölkəmizin ictimai, siyasi, iqtisadi, mədəni həyatında fəal iştirak edirlər. Bu gün fəxrlə qeyd edirik ki, qadınlar arasında 44 günlük Vətən müharibəsində, digər antiterror əməliyyatlarında torpaqlarımızın azad olunması, suverenliyimizin bərpa olunması uğrunda canlarından keçmiş qəhərman şəhidlərimizin, igid qazilərimizin fədakar ana- bacıları vardır.Qadınlar daim ümummilli liderimiz Heydər Əliyevin ideyalarına sadiq qalaraq, cənab Prezidentimiz İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyirlər.
Cənab Prezidentimiz İlham Əliyev Azərbaycan qadınları haqqında danışarkən demişdir: “Azərbaycan qadınları əsrlər boyu xalqımızın taleyində böyük rol oynamışlar. Qadın adına hədsiz ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Tariximizə dahi şəxsiyyətlər bəxş etmiş Azərbaycan qadınının gözəlliyini, onun mənəvi saflığını, mərdliyini və sədaqətini görkəmli sənətkarlarımız öz əsərlərində dönə-dönə tərənnem etmişlər”.
Qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ölkəmizin bütün qadınlarını, ana-bacılarımızı təbrik edir, onlara möhkım cansağlığı, xoşbəxtlik, uğurlar arzulayıram.
Qadir İbrahimov
Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri