4 mart tarixində Azərbaycan Milli İncəsənət Muzeyi-ndə “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Zəfər yurdu ilə zərif nəğmələr” adlı konsert proqramı keçirilmişdir. Tədbir 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan xanımlarına həsr olunmuşdur.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, daha sonra Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Bu an zalda xüsusi ehtiram və qürur hissi ilə qarşılanmış, proqramın ideya xəttinə uyğun olaraq zəfər ruhunun mənəvi təməli vurğulanmışdır.
Konsert proqramının açılış nitqi ilə çıxış edən İctimai Birliyin sədri Turanə Orucova ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla bütün Azərbaycan xanımlarını səmimi qəlbdən təbrik etmişdir. O, çıxışında ölkəmizdə mədəniyyət və incəsənətin inkişafından, qadınların cəmiyyətimizdəki rolundan, onların zərifliyi ilə yanaşı zəfər ruhlu, güclü və qürurlu mövqeyindən bəhs edərək xanımlarımıza ən xoş arzularını çatdırmışdır.
Daha sonra Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Pərvanə Vəliyeva çıxış edərək Azərbaycan xanımlarını təbrik etmiş, incəsənətin dili ilə musiqimizin müxtəlif sahələrində qadınların rolundan və gücündən danışmışdır.
Ardınca Milli Məclisin deputatı Ceyhun Məmmədov mədəniyyət və incəsənətin cəmiyyətin formalaşmasındakı əhəmiyyətini vurğulamış, Azərbaycan xanımlarının ölkəmizin inkişafındakı xidmətlərini xüsusi qeyd edərək onları təbrik etmişdir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə isə öz çıxışında Azərbaycan xanımlarını təbrik etmiş, “Zəfər yurdu ilə zərif nəğmələr” konsert proqramının həyata keçirilməsini yüksək qiymətləndirərək, “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyini uğurlu fəaliyyəti münasibətilə təbrik etmişdir.
Tədbirdə həmçinin Sabayıl rayon Yeni Azərbaycan Partiyası təşkilatının sədri Muxtar Nəğıyev çıxış edərək Azərbaycan xanımlarına xoş arzularını çatdırmışdır.
Rəsmi hissədən sonra tədbir zəngin və yüksək səviyyədə hazırlanmış bədii proqramla davam etmişdir. “Zəfər yurdu ilə zərif nəğmələr” konsert proqramında səsləndirilən muğam nümunələri, saz havaları və vətənpərvərlik ruhlu musiqi əsərləri tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanmışdır. İfaçılar öz peşəkarlığı, səhnə mədəniyyəti və yüksək ifa ustalığı ilə tədbirə xüsusi rəng qatmış, zalda duyğusal və qürurverici bir ab-hava yaratmışdır.
Konsert boyu Azərbaycan qadınının zərifliyi ilə yanaşı onun gücü, iradəsi və vətənə bağlılığı musiqinin dili ilə ifadə olunmuş, proqramın ideya xətti “zəfər” və “zəriflik” anlayışlarının vəhdətində tamaşaçılara çatdırılmışdır.
Tədbirin sonunda iştirakçılar bu cür mədəni layihələrin cəmiyyətimizdə milli-mənəvi dəyərlərin qorunması, incəsənətin inkişafı və gənc nəslin vətənpərvərlik ruhunda formalaşması baxımından mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulamışlar. Qonaqlar yüksək təşkilatçılığa görə “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinə minnətdarlıqlarını ifadə etmiş, proqramın gələcəkdə də davamlı xarakter alacağına inamlarını bildirmişlər.
Beləliklə, “Zəfər yurdu ilə zərif nəğmələr” konsert proqramı Azərbaycan qadınına ithaf olunmuş dəyərli və yaddaqalan bir mədəniyyət hadisəsi kimi yadda qalmışdır.