PDF Oxu

Siyasət

  • 1 032

Azərbaycanın enerjı diplomatiyasında uğurları

image

Beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə möhkəmlənən, dünya ölkələri, beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişlənən Azərbaycan bölgədə və dünyada söz sahibi olaraq etibarlı tərəfdaşdır. İkitərəfli və çoxtərəfli münasibətləri inkişaf edir və beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi diqqəti çəkəndir. Regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılması müasir dövrün çağırışları olduğunudan məqsəd olaraq daim diqqətdə saxlanılır. Müstəqil Azərbaycanın inkişaf konsepsiyasında enerji strategiyası müstəsna yer tutur.

Təməli ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti “Əsrin müqaviləsi” ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevirib. Martın 3-də Bakı Konqres Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında Prezident İlham Əliyev çıxışı zamanı bildirdiyi kimi, hazırda Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən, dünyada birinci yerdədir. Ölkəmizin başçısı Azərbaycanın enerji siyasətinin strateji prioritetləri, rreallaşan genişmiqyaslı islahatları diqqətə çatdırıb. “Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik. Artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq” – deyən Prezident diqqətə çəkib ki, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur: “Bu gün Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir. Biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanlarını araşdırırıq. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır”.

Avropa və Asiyanın qovşağında çox əlverişli coğrafi mövqeydə yerləşən Azərbaycan zəngin neft və qaz ehtiyatlarına malikdir. Bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazanmış Azərbaycan Respublikası özünün enerji ehtiyatlarından çox səmərəli şəkildə istifadə edir. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin iştirakçısıdır. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Odur ki, ölkəmizin enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində, sülhün bərqərar olunmasında xüsusi əhəmiyyətə malikdir. Azərbaycan enerji ehtiyatlarının ixracında dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı bir strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin Cənubi Qafqazın geostrateji təhlükəsizliyini daha da gücləndirirİndi Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin edir və bir çox ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyinin təmin olunmasında fəal rol oynayır. Bu gün beynəlxalq aləmdə güclü iqtisadiyyata, müstəqil siyasətə malik Azərbaycan dünyaya həm də, neft, qaz, elektirik enerjisi, neft – kimya məhsulları ixrac edir. Dünyada sülhsevər ölkə kimi tanınan müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu günbəgün artır, tərəfdaşlarının sayı çoxalır.

Dövlət başçisi cıxışında bildirib ki, cari ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanmasını gözləyirik. Hasilatın ötən il başlanacağı gözlənildiyi halda bu, baş verməyib və hasilat cari ildə başlanacaq. İki-üç il ərzində “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanması gözlənilir. Prezident çıxışında mesaj olaraq bildirib ki, bu da “Abşeron”dan qaz hasilatını üç dəfə artıracaq: ”Eyni zamanda, “Ümid” yatağının ikinci mərhələsi üzrə qaz hasilatına başlanması gözlənilir.

Təbii qazın əsas mənbəyi olan “Şahdəniz” yatağımızla bağlı olaraq deyə bilərəm ki, 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik. Qeyd olunan bütün hasilat profilləri maksimum istehsal səviyyəsində 10-15 milyard kubmetr həcmində əlavə qaz əldə etməyə imkan verəcək”.

Bu gün Azərbaycan qlobal və regional enerji təhlükəsizliyinin təminatında mühüm aktorlardan biri kimi xüsusən də bərpaolunan enerjinin inkişafı sahəsində davamlı layihələr həyata keçirir. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. Dövlət başçısının bildirdiyi kimi, cari ilin yanvarında regionda indiyədək ən böyük külək elektrik stansiyasının - 240 meqavat gücündə obyektin açılışı olub. Layihə “ACWA Power” tərəfindən maliyyələşdirilib və həyata keçirilib. Bu, bizim artıq malik olduğumuz potensiala əlavə edilən yeni yaşıl enerji mənbəyidir. 2023-cü ildə “Masdar” şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edib. Bir neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə biz alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışını gözləyirik”.

Alternativ enerji ilə bağlı planlarımızin artıq imzalanmış müqavilələrə əsaslandıgını bildirən Prezident İlham Əliyev bildirib ki, biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik.

Göründüyü kimi, bütövlükdə, son illərdə respublikamızda elektrik enerjisi infrastrukturuna böyük həcmdə sərmayələr yatırılmaqdadır. Bu isə, Azərbaycanda enerji təhlükəsizliyi ilə bağlı heç bir problemin olmadığını, ölkəmizin həm bölgədə, həm də qitədə çox etibarlı enerji təchizatçısına çevrildiyinin təzahürüdür.

Natiq ALLAHVERDİYEV,

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri

Digər xəbərlər