PDF Oxu

Siyasət

  • 1 058

Azərbaycanın enerji gələcəyi - ŞƏRH

image

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü iclasları Azərbaycanın enerji siyasətində yeni mərhələnin simvolu oldu. Prezident İlham Əliyevin çıxışı həm ölkəmizin enerji təhlükəsizliyinə dair strateji baxışını, həm də beynəlxalq əməkdaşlıqların əhəmiyyətini açıq şəkildə ortaya qoydu.

Prezident İlham Əliyevin sözlərinə görə qaz təchizatının şaxələndirilməsi yalnız hər bir ölkə üçün deyil, Azərbaycanın milli maraqları üçün də prioritet məsələlərdən biridir. Dünyada enerji bazarlarının qeyri-sabitliyi, qlobal geosiyasi dəyişikliklər və təbii sərvətlərin məhdudluğu ölkələri yeni təhlükəsizlik strategiyaları hazırlamağa vadar edir.

Azərbaycan bu kontekstdə özünü dayanıqlı və proqnozlaşdırıla bilən enerji tərəfdaşı kimi təqdim edir. Qaz təchizatının müxtəlif mənbələrdən təmin olunması həm daxili bazarın, həm də ixrac yönümlü layihələrin təhlükəsizliyini artırır. Eyni zamanda, bu addım regionda enerji bazarının stabilliyinə töhfə verir və Azərbaycanın strateji mövqeyini gücləndirir.

Prezident İlham Əliyev vurğuladı ki, Cənub Qaz Dəhlizi layihəsi yalnız Azərbaycan üçün deyil, Avropa ölkələri üçün də alternativ enerji mənbəyinin təminatıdır. Bu, ölkəmizin regional və qlobal enerji oyunçusu kimi mövqeyini daha da möhkəmləndirir.

Dövlət başçısının çıxışının önəmli məqamlarından biri də strateji tərəfdaşlıqdır. Dünyanın ən qüdrətli dövləti olan Amerika Birləşmiş Ştatlarıın Azərbaycanın enerji siyasətində strateji tərəfdaş kimi çıxış etməsi, ölkəmizin uzunmüddətli planlarının gerçəkləşməsini real edir. Prezident İlham Əliyev bildirdi ki, ABŞ-ın dəstəyi, yalnız enerji layihələrinin maliyyələşdirilməsi baxımından deyil, həm də texnologiyaların tətbiqi və beynəlxalq standartların təmin olunması baxımından vacibdir. Bu əməkdaşlıq Azərbaycanın həm regional, həm də qlobal enerji bazarlarında etibarlı tərəfdaş imicini möhkəmləndirir.

Həmçinin, ABŞ ilə qurulan strateji tərəfdaşlıq, Azərbaycanın Yaşıl Enerji layihələrinə inteqrasiyasını da sürətləndirir. Dövlət başçısının sözlərinə görə, təmiz və bərpa olunan enerji sahəsində əməkdaşlıq ölkəmizi həm ekoloji dayanıqlılıq, həm də yeni texnoloji imkanlar baxımından irəlilədib.

Prezident İlham Əliyevin çıxışı göstərdi ki, Azərbaycanın enerji siyasəti sadəcə qaz və neft ixracından ibarət deyil. Bu siyasət həm də strateji düşüncənin, beynəlxalq tərəfdaşlıqların və gələcəyə yönəlmiş planların məhsuludur.

Azərbaycanın planları arasında: Qaz təchizatının müxtəlif mənbələrdən təmin olunması, Avropa bazarına etibarlı ixrac imkanlarının genişləndirilməsi, Yaşıl enerji və bərpa olunan enerji layihələrinin inkişaf etdirilməsi, ABŞ və digər strateji tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsi kimi mühüm istiqamətlər var. Bu addımlar həm ölkənin iqtisadi təhlükəsizliyini gücləndirir, həm də Azərbaycanın qlobal enerji siyasətində mövqeyini yüksəldir.

Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclasları, Azərbaycanın enerji siyasətinin həm sabitlik, həm də modernləşmə yönümlü olduğunu nümayiş etdirdi. Qaz təchizatının şaxələndirilməsi və ABŞ-ın strateji dəstəyi Azərbaycanın enerji gələcəyini həm iqtisadi, həm də geosiyasi baxımdan ümidverici edir. Prezident İlham Əliyevin çıxışı bir daha təsdiqlədi ki, Azərbaycan həm regional, həm də qlobal enerji bazarında etibarlı və perspektivli tərəfdaşdır.

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Digər xəbərlər