İran İslam Respublikası ərazisindən həyata keçirilən dron hücumları qətiyyətlə pislənilir. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi molla rejiminin nankorluğu və riyakarlığının açıq göstəricisidir.
Mülki infrastruktura dron hücumu təşkil etmək acizlik və qorxaqlıq əlamətidir. Bu hücumlar yalnız Azərbaycan xalqına zərbə vurmaqla kifayətlənmir, həm də beynəlxalq hüququn norma və prinsiplərinə ziddir, regionda gərginliyin artmasına xidmət edir. Bu səbəbdən, İran İslam Respublikası qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirməli, izahat verməli və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görməlidir.
Azərbaycan daim qonşuluq prinsiplərinə sadiq olub. Ölkəmiz ərazisindən heç bir ölkəyə, o cümlədən İran İslam Respublikasına heç vaxt təhlükə olmayıb və yoxdur. Bunun əyani nümunəsi olaraq, Azərbaycan Prezidenti İlham Əliyev İranın Ali Liderinin ölümü ilə bağlı dərhal başsağlığı vermiş, səfirliyi ziyarət etmişdir. Azərbaycan heç vaxt riyakar siyasət yürütməyib, dar gündə həmişə qonşularına dəstək olub və hətta İrana humanitar yardım göndərməyi planlaşdırırdı.
Belə bir şəraitdə İran tərəfinin Naxçıvan ərazisində mülki obyekti və mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəf götürməsi dinc sakinlərə və mülki infrastruktura qarşı törədilmiş terror aktı kimi qiymətləndirilməlidir. Təəssüf ki, bu rejim İran İslam Respublikası ərazisində yaşayan azərbaycanlılara da qənim kəsilib, soydaşlarımızı bütün hüquqlardan məhrum edib, daima təzyiq altında saxlayıb, azərbaycanlı fəalları təqib edərək və cəzalandırmışdır.
Tarixi təcrübə göstərir ki, Azərbaycana hücum edənlər həmişə peşman olublar və İran da bu qorxaq əməlinə görə peşman olacaq. Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır və bu hücum aktları cavabsız qalmayacaq.
Azərbaycan regionda sabitliyi qorumağa, qonşuluq siyasətinə sadiq qalmağa davam edəcək. Eyni zamanda, hər bir dövlətin beynəlxalq hüquqa hörmət etməsi və mülki əhaliyə qarşı zorakılıqdan çəkinməsi vacibdir. İranın bu hərəkəti isə həm regional təhlükəsizliyi, həm də qonşularla münasibətləri ciddi şəkildə zədələyir.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri