Azərbaycanın həyata keçirdiyi uzaqgörən xarici siyasət kursu dünya enerji sisteminin yenidən formalaşmasında həlledici amilə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız qlobal miqyaslı strateji təşəbbüsləri uğurla reallaşdıraraq beynəlxalq arenada öz nüfuzunu daha da möhkəmləndirməkdədir. Martın 3-də Bakı Konqres Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın enerji strategiyasının ardıcıl, uzaqgörən və praqmatik mahiyyətini bir daha nümayiş etdirdi.
Ölkə başçısı “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və “Yaşıl Enerji” Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında ölkəmizin enerji siyasəti, reallaşdırılan layihələr barədə danışaraq, Azərbaycanın Avropanın enerji bazarında mövcudluğunu genişləndirmək niyyətində olduğunu vurğuladı: “Planlarımıza gəldikdə, bəli, biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik. Artıq Avropanın daha iki ölkəsinə – Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur. Lakin bunun üçün, şübhəsiz ki, ötən dəfə də qeyd etdiyimiz kimi, mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi üzərində düşünməliyik. Çünki bu gün Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir. Biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanlarını araşdırırıq. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır”.
Son illərin geoiqtisadi mənzərəsi göstərir ki, Cənub Qaz Dəhlizi Azərbaycanın beynəlxalq nüfuzunu və dünya iqtisadiyyatındakı rolunu əhəmiyyətli dərəcədə artırıb. Layihə ölkəmizi etibarlı və uzunmüddətli enerji təminatçısı kimi tanıtmaqla yanaşı, müstəqil enerji siyasətinin uğurlu göstəricisinə çevrilib. Layihə sübut edir ki, Azərbaycan regional təşəbbüsləri qlobal miqyasda həyata keçirmək gücünə malikdir. Bu gün Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının 12-dən 16-ya çatdırılması və boru kəmərləri vasitəsilə qaz tədarük edilən ölkələrin sayına görə dünyada birinci yerə yüksəlməsi ölkənin enerji diplomatiyasının yüksək səviyyədə qurulduğunu göstərir. Artıq Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Almaniya və Avstriya kimi böyük iqtisadiyyatlara malik dövlətlərə qaz tədarükünün başlanması isə Azərbaycanın Avropanın enerji bazarında mövqeyini daha da möhkəmləndirir. Bununla yanaşı, Avropa hüdudlarından kənara çıxaraq Suriyaya 1,5 milyard kubmetr həcmində qaz çatdırılması Azərbaycanın enerji siyasətinin humanitar və regional sabitliyə xidmət edən tərəfini də ortaya qoyur. Elektrik enerjisinin inkişaf üçün əsas şərt olduğunu nəzərə alsaq, bu addımın sosial-iqtisadi əhəmiyyəti xüsusilə diqqətəlayiqdir.
Azərbaycan bu gün həm təşəbbüskar, həm əsas təchizatçı qismində Avropa və Asiya arasında mühüm enerji körpüsü rolunu icra edir. Prezident İlham Əliyevin uzaqgörən diplomatiyası sayəsində reallaşan “Cənub qaz dəhlizi” qısa müddətdə Avropanı enerji böhranından xilas edən əsas arteriyaya çevrilib. Nəzərdə tutulan hədəf və layihələrin həyata keçirilməsi Azərbaycanın Avropa məkanının enerji təhlükəsizliyi sistemindəki rolunu əhəmiyyətli dərəcədə gücləndirəcək.
Elnur Əsədov
YAP Kəngərli rayon təşkilatının mühasibi