Suverenliyimizə, ərazi bütövlüyümüzə və təhlükəsizliyimizə yönəlmiş istənilən təhdid qarşısında Azərbaycan cəmiyyəti vahid mövqedən çıxış edir və bu kimi təcavüzkar addımların yolverilməz olduğunu bir daha bəyan edir.
5 mart 2026-cı il Azərbaycanın suveren ərazisinə, Naxçıvan Muxtar Respublikasına, İran ərazisindən həyata keçirilmiş pilotsuz uçuş aparatı (PUA) hücumuna məruz qaıməşdır. Bu hücum regionda təhlükəsizliyin daha da gərginləşməsinə, həmçinin beynəlxalq hüququn fundamental prinsiplərinin açıq şəkildə pozulmasına səbəb olmuşdur. Hadisə zamanı Naxçıvan Beynəlxalq Hava Limanının hədəfə alınması, eləcə də Babək rayonunun Şəkərabad kənd tam orta məktəbinin yaxınlığına dron düşməsi mülki infrastruktura və insanların təhlükəsizliyinə ciddi təhdid yaratmışdır. Hadisə nəticəsində iki mülki şəxslərin xəsarət alması hücumun qeyri-seçici xarakter daşıdığını bir daha sübut edir və hücumun məqsədli şəkildə mülki infrastrukturu hədəf aldığını açıq şəkildə göstərir.
Bu təcavüz beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi fundamental prinsiplərə ziddir. Azərbaycan Xarici İşlər Nazirliyi yayımladığı rəsmi bəyanatda İran tərəfindən həyata keçirilən bu hücumu qətiyyətlə pisləmiş və onu beynəlxalq hüququn norma və prinsiplərinə zidd addım kimi qiymətləndirmişdir. Bəyanatda qeyd olunur ki, hücum Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasına, eləcə də regionda gərginliyin artmasına xidmət edir. Nazirlik İran tərəfinə insidentlə bağlı qısa müddətdə izahat verilməsi və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri addımların atılması barədə rəsmi tələb irəli sürmüşdür.
Hücuma dərhal reaksiya verən rəsmi Bakı İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilunu Xarici İşlər Nazirliyinə çağırmış və ona Azərbaycanın kəskin etirazı bildirilmişdir. Eyni zamanda, səfirə rəsmi etiraz notası təqdim olunmuşdur. Bu addım Azərbaycanın diplomatik kanallar vasitəsilə məsələnin ciddiliyini nümayiş etdirdiyini və dövlət mövqeyinin birmənalı şəkildə sərt olduğunu göstərir. Azərbaycan tərəfi hücuma dair müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxladığını bəyan etmişdir ki, bu da ölkənin suverenliyinə qarşı yönəlmiş istənilən təhdidə qarşı prinsipial mövqeyini əks etdirir.
Hücumun Naxçıvan Beynəlxalq Hava Limanına istiqamətlənməsi hadisənin təsadüfi deyil, məqsədli xarakter daşıdığını göstərir. Hava limanının region üçün həm iqtisadi, həm də strateji əhəmiyyətə malik olması hücumun təhlükəlilik səviyyəsini daha da artırır. Hadisə zamanı hava limanı binasında dağıntılar baş vermiş, zərbə nəticəsində ərazidə yanğın və ciddi struktur zədələnmələri qeydə alınmışdır. Dronun məktəbə yaxın əraziyə düşməsi isə mülki əhali üçün birbaşa təhlükə yaratmış və hücumun insan həyatını hədəf alma potensialını nümayiş etdirmişdir. Bu fakt hücumun qeyri-seçici xarakter daşıdığını və beynəlxalq humanitar hüququn prinsiplərinin də pozulduğunu təsdiq edir.
Yayımlanan görüntülər və sonrakı məlumatlar göstərir ki, İran tərəfindən edilən bu hücum yalnız iki ölkə arasındakı münasibətlərə zərbə vurmaqla kifayətlənmir, həm də Yaxın Şərqdə və Cənubi Qafqazda vəziyyətin daha da gərginləşməsinə səbəb olur. Hadisə Yaxın Şərqdə davam edən qarşıdurmaların coğrafiyasının genişlənməsi ehtimalını artıraraq region dövlətlərini daha böyük təhlükələrlə üz-üzə qoyur.
Baş verənlər bölgədə eskalasiya riskinin ciddi olduğunu və İranın atdığı addımların regional sabitliyi pozmaq potensialına malik olduğunu açıq şəkildə nümayiş etdirir. Azərbaycan isə diplomatik kanallara və beynəlxalq hüququn aliliyinə arxalanaraq bölgədə təhlükəsizliyin təmin olunması istiqamətində prinsipial mövqeyini davam etdirir.
Azərbaycan cəmiyyəti və hər bir vətəndaş baş vermiş hadisəni qəti şəkildə pisləyir. Naxçıvana edilən PUA hücumu təkcə hərbi təxribat deyil, həm də Azərbaycanın suverenliyinə qarşı yönəlmiş ciddi təcavüz aktıdır. İstər strateji obyektlərə, istərsə də mülki əhaliyə qarşı edilən belə hücumlar heç bir halda bəraət qazandıra bilməz və regionda gərginliyin artmasına xidmət edir. Buna görə də biz İran İslam Respublikasından tələb edirik ki, Azərbaycanın suveren sərhədlərinə tam hörmət etsin, beynəlxalq hüququn tələblərinə, xüsusilə də BMT Nizamnaməsinin əsas prinsiplərinə, əməl etsin və Azərbaycan ərazisinə qarşı istənilən təxribat xarakterli addımları dərhal dayandırsın.
Bu tələb təkcə dövlətin deyil, Azərbaycan xalqının birgə iradəsinin ifadəsidir. Suverenliyimizə, ərazi bütövlüyümüzə və təhlükəsizliyimizə yönəlmiş hər cür təhdid qarşısında Azərbaycan cəmiyyəti vahid mövqedən çıxış edir və təcavüzkar addımların yolverilməz olduğunu bir daha bəyan edir.
Vazeh Əskərov
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü