PDF Oxu

Siyasət

  • 515

Beynəlxalq hüquq qarşısında terrora Azərbaycanın qəti cavabı - ŞƏRH

image

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyi beynəlxalq hüququn əsas prinsipləri kimi qəbul edilir. Bu prinsiplərin pozulması isə yalnız iki ölkə arasında münasibətləri gərginləşdirmir, eyni zamanda regional və qlobal təhlükəsizlik arxitekturasına ciddi təsir göstərir. Martın 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında səsləndirilən bəyanatlar da məhz bu hüquqi və diplomatik kontekstdə xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən hücumu açıq şəkildə terror aktı kimi qiymətləndirərək bu hadisənin beynəlxalq hüququn fundamental normalarına zidd olduğunu vurğuladı. Dövlət başçısı çıxışında bildirdi: “Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır.” Cənab Prezidentin qeyd etdiyi kimi hücumun hədəfləri mülki obyektlər olub. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər mülki infrastrukturların atəşə tutulması beynəlxalq humanitar hüququn və müharibə qaydalarının kobud şəkildə pozulması kimi qiymətləndirilir. Belə hallarda dövlət məsuliyyəti məsələsi beynəlxalq hüququn əsas müzakirə predmetinə çevrilir. Beynəlxalq hüquqa görə, bir dövlətin ərazisindən və ya onun nəzarətində olan strukturlar tərəfindən başqa bir dövlətə qarşı zor tətbiq edilməsi həmin dövlətin məsuliyyətini doğurur. Bu məsuliyyət yalnız siyasi deyil, həm də hüquqi xarakter daşıyır. Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanın bu məsələdə prinsipial mövqeyini açıq şəkildə ifadə etdi və hücuma görə izahat tələb olunduğunu bildirdi: “Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir.” Dövlət başçısı həmçinin vurğuladı ki, Azərbaycan tərəfi İran rəsmilərindən rəsmi izahat və üzr gözləyir. Bu tələb beynəlxalq diplomatik praktikanın və dövlətlərarası münasibətlərin əsas qaydalarından biridir. Cənab Prezident İlham Əliyev çıxışında daha əvvəl baş vermiş bir hadisəni də xatırlatdı. Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror hücumu diplomatik təhlükəsizliyin təmin olunması ilə bağlı ciddi suallar yaratmışdı. Dövlət başçısı həmin hadisəyə toxunaraq qeyd etdi: “Birinci dəfə deyil ki, İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirir.” Diplomatik nümayəndəliklərin təhlükəsizliyi beynəlxalq hüququn ən mühüm sənədlərindən biri olan diplomatik münasibətlər haqqında konvensiyalarla qorunur. Hər bir dövlət öz ərazisində yerləşən diplomatik missiyaların təhlükəsizliyini təmin etmək öhdəliyinə malikdir. Bu öhdəliyin yerinə yetirilməməsi isə ciddi hüquqi və siyasi nəticələr doğura bilər. Cənab Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər göstərir ki, Azərbaycan bu məsələdə prinsipial mövqe tutaraq diplomatik münasibətlərin beynəlxalq hüquq çərçivəsində qurulmasının tərəfdarıdır. Dövlətimizin başçısı çıxışında Azərbaycanın regional siyasətinin əsas prinsiplərini bir daha açıqladı. Bildirdi ki, Azərbaycan heç vaxt öz ərazisinin digər dövlətlərə qarşı istifadə olunmasına imkan verməyib. “Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək.” Bu bəyanat beynəlxalq hüququn əsas prinsiplərindən biri olan dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı hörmət prinsipinə uyğun mövqedir. Azərbaycanın xarici siyasəti uzun illərdir məhz bu prinsiplərə əsaslanaraq həyata keçirilir. Eyni zamanda cənab Prezident vurğuladı ki, ölkə öz suverenliyinə qarşı yönəlmiş istənilən təhdidə qarşı qətiyyətli mövqe nümayiş etdirəcək. “Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq.” Bu bəyanat beynəlxalq hüququn dövlətlərin özünümüdafiə hüququnu tanıyan prinsiplərinə uyğun olaraq səsləndirilmiş mühüm siyasi mesajdır. Cənab Prezident İlham Əliyevin çıxışında diqqət çəkən məqamlardan biri də Azərbaycanın humanitar mövqeyi ilə bağlı idi. Dövlət başçısı açıqladı ki, İran tərəfi Livanda qalmış diplomatik əməkdaşlarının təxliyəsi üçün Azərbaycandan yardım istəyib və Azərbaycan tərəfi bu müraciəti qəbul edib. “Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik?” Bu addım diplomatik münasibətlərdə humanizm və qarşılıqlı yardım prinsiplərinin vacibliyini göstərən mühüm nümunə kimi qiymətləndirilə bilər.

Təhlükəsizlik Şurasının iclasında səsləndirilən fikirlər göstərir ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanan siyasət yürütməklə yanaşı, öz milli təhlükəsizliyinin qorunmasına da xüsusi diqqət yetirir. Cənab Prezidentin çıxışı yalnız bir hadisəyə verilən reaksiya deyil, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış prinsipial mövqedir. Dövlət başçısının vurğuladığı kimi: “Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı bizim Dəmir yumruğumuzu görəcək.” Bu bəyanat Azərbaycanın suverenliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş istənilən təhdidə qarşı həm hüquqi, həm diplomatik, həm də siyasi müstəvidə qətiyyətli mövqe nümayiş etdirəcəyini bir daha təsdiqləyir.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Digər xəbərlər