PDF Oxu

Siyasət

  • 961

Azərbaycan qadınının cəmiyyətin inkişafındakı strateji rolu - ŞƏRH

image

8 Mart – Beynəlxalq Qadınlar Günü qadınların hüquq və azadlıqları uğrunda apardıqları mübarizənin rəmzi kimi dünya tarixində xüsusi yer tutur. Bu gün, qadınların cəmiyyət həyatında oynadıqları rolun, ictimai-siyasi fəaliyyətlərinin və sosial nailiyyətlərinin yüksək qiymətləndirildiyi əlamətdar tarix kimi qeyd olunur.

Azərbaycan qadını tarix boyu xalqımızın mənəvi dayağı, ailənin müqəddəs sütunu və cəmiyyətin inkişafında mühüm rol oynayan şəxsiyyət kimi tanınmışdır. Ümummilli Lider Heydər Əliyev Azərbaycan qadınlarının cəmiyyətdəki fəaliyyətini yüksək qiymətləndirərək qeyd edirdi ki, qadınlarımız öz zəhməti, sədaqəti və yüksək mənəvi keyfiyyətləri ilə daim xalqımızın inkişafına böyük töhfələr vermişdir. Onun sözlərinə görə, qadınların ictimai-siyasi həyatda fəallığı və ölkənin tərəqqisinə verdikləri töhfələr Azərbaycanın gələcəyinin güclü olmasının əsas amillərindən biridir. Azərbaycan qadını əsrlər boyu ailənin dayağı, millətin mənəvi sütunu və cəmiyyətin inkişafında aparıcı qüvvə olmuşdur. Tariximizin müxtəlif dövrlərində qadınlarımız həm dövlət idarəçiliyində, həm də ictimai həyatda mühüm rol oynamışlar. XII əsrdə yaşamış görkəmli şairə Məhsəti Gəncəvi Azərbaycan ədəbiyyatında qadın yaradıcılığının parlaq nümayəndələrindən biri olmuşdur. Qarabağ xanlığının məşhur şairəsi və xeyriyyəçisi Xurşidbanu Natəvan isə həm ədəbiyyat, həm də ictimai fəaliyyət sahəsində silinməz iz qoymuşdur.

Qadınların hüquqlarının qorunması və ictimai həyatda fəal iştirakının təmin olunması baxımından mühüm addımlar XX əsrin əvvəllərində atılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququ verilməsi ölkəmizi Şərqdə qadın hüquqlarını tanıyan ilk dövlətlərdən birinə çevirmişdir. Bu tarixi addım qadınların ictimai-siyasi həyatda rolunun artırılması və cəmiyyətin inkişafına verdikləri töhfələrin rəsmi şəkildə tanınması baxımından önəmli mərhələ olmuşdur.

Müasir dövrdə Azərbaycan qadınları ölkənin bütün sahələrində fəal iştirak edirlər. Onlar elm, təhsil, səhiyyə, mədəniyyət, siyasət və iqtisadiyyat sahələrində uğurlu fəaliyyət göstərərək dövlətin tərəqqisinə mühüm töhfələr verirlər. Qadınlarımız həm dövlət idarəçiliyində, həm biznes sektorunda, həm də sosial layihələrin həyata keçirilməsində əvəzsiz rol oynayırlar. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, qadınların ictimai-siyasi həyatda rolunu gücləndirən və onların potensialını inkişaf etdirən nümunəvi şəxsiyyətlərdən biridir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu sosial layihələr, humanitar proqramlar və mədəni təşəbbüslər vasitəsilə ölkəmizin beynəlxalq nüfuzunun artmasına və qadınların sosial müdafiəsinin güclənməsinə mühüm töhfələr verməkdədir.

Azərbaycan qadını hər zaman vətənpərvərlik, sədaqət və fədakarlıq nümunəsi göstərmişdir. 44 günlük Vətən müharibəsi zamanı qadınların cəsarəti, iradəsi və vətən sevgisi bir daha bütün dünyaya sübut etdi ki, Azərbaycan qadını həm ailənin, həm də dövlətin güvəncidir. Onlar müasir dövrdə yalnız ailədə deyil, həm də ictimai və hərbi sahələrdə fəal iştirak edərək ölkəmizin inkişafına töhfə verirlər. Azərbaycan cəmiyyətində ailə dəyərləri xüsusi önəm daşıyır və bu dəyərlərin qorunmasında qadınların rolu əvəzsizdir. Ana kimi Azərbaycan qadını gələcək nəslin tərbiyəsində mühüm rol oynayır, milli-mənəvi dəyərləri və vətən sevgisini övladlarına aşılamaqda misilsiz nümunədir. Bu rolu ilə qadınlarımız yalnız ailənin deyil, həm də bütöv cəmiyyətin inkişafına xidmət edirlər.

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan qadınlarını ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar arzulayırıq. Bu gün yalnız qadınlara sevgi və ehtiramın ifadəsi deyil, həm də onların hüquqlarının qorunması və imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərin qiymətləndirildiyi əlamətdar tarixdir.

İlahə Qurbanova

YAP Samux rayon təşkilatının əməkdaşı

Digər xəbərlər