İran İslam Respublikası ərazisindən Naxçıvan istiqamətində həyata keçirilən dron hücumu regionda gərginliyin artmasına xidmət edən ciddi təxribat kimi qiymətləndirilməlidir. Bu hücum qətiyyətlə pislənilməli və baş verən hadisəyə görə məsuliyyət tam şəkildə İran tərəfinin üzərinə düşür.
İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi molla rejiminin riyakarlığını və nankorluğunu açıq şəkildə nümayiş etdirir.
Baş verən hadisə həm də regionda təhlükəsizlik balansına ciddi zərbə vurur. Azərbaycanın ərazisinə yönəlmiş bu hücum yalnız iki ölkə arasında münasibətlərə deyil, ümumilikdə regional sabitliyə mənfi təsir göstərir. Belə bir şəraitdə İran İslam Respublikası qısa müddət ərzində baş vermiş hadisəyə aydınlıq gətirməli, rəsmi izahat verməli və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görməlidir.
Azərbaycan isə tarixən qonşuluq münasibətlərinə sadiq qalan, regionda sabitliyin və əməkdaşlığın tərəfdarı olan ölkə kimi tanınıb. Azərbaycan ərazisindən heç vaxt İran və ya başqa bir dövlət üçün təhlükə yaranmayıb. Əksinə, Azərbaycan çətin məqamlarda həmişə qonşularına dəstək göstərməyə çalışıb. Bunun bariz nümunəsi kimi Azərbaycan cənab Prezidenti İlham Əliyevin İranın Ali Liderinin vəfatı ilə bağlı dərhal başsağlığı verməsi və İran səfirliyini ziyarət etməsini göstərmək olar. Bu addımlar Azərbaycanın diplomatik etikaya və humanitar dəyərlərə verdiyi önəmi nümayiş etdirir.
Azərbaycan dövləti heç vaxt riyakar siyasət yürütməyib, əksinə dar günlərdə həmişə qonşularının yanında olub. Hətta İran üçün humanitar yardım göndərilməsi də planlaşdırılırdı. Belə bir fonda İran tərəfinin Naxçıvan ərazisində mülki obyektləri, o cümlədən mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəf seçməsi beynəlxalq humanitar hüquqa zidd olmaqla yanaşı, dinc sakinlərə qarşı yönəlmiş terror aktı kimi qiymətləndirilməlidir.
Eyni zamanda qeyd etmək lazımdır ki, İran rejiminin azərbaycanlılara qarşı münasibəti də uzun illərdir ciddi narahatlıq doğurur. Bu rejim İran ərazisində yaşayan milyonlarla azərbaycanlını bir çox hüquqlardan məhrum edib, onların milli və mədəni hüquqlarını məhdudlaşdırıb, fəalları isə təqib və təzyiqlərə məruz qoyub. Bu siyasət regionda etnik və siyasi gərginliyi daha da artıran amillərdən biridir.
Tarix dəfələrlə göstərib ki, Azərbaycana qarşı düşmənçilik edənlər sonda öz əməllərinə görə peşman olublar. Bu gün də Azərbaycanın suverenliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş belə hücumlar cavabsız qalmayacaq. Azərbaycan tərəfi beynəlxalq hüquqa uyğun olaraq müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
Nəticə etibarilə, Naxçıvana qarşı həyata keçirilən dron hücumu regionda sülh və sabitliyə ciddi təhdid olmaqla yanaşı, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Belə addımlar nə regional əməkdaşlığa, nə də qonşuluq münasibətlərinə xidmət edir. Azərbaycan isə öz suverenliyini və təhlükəsizliyini qorumaq üçün bütün zəruri addımları atmaq əzmindədir və bu kimi hücum aktlarının cavabsız qalmayacağı aydındır.
Nazim Bünyatov
Yap Ağcabədi rayon təşkilatının sədr müavini