Azərbaycan İranla münasibətlərdə hər zaman qonşuluq prinsiplərinə sadiq olub. Baxmayaraq ki, molla rejimi daim azərbaycanlılara qənim kəsilib, soydaşlarımızı bütün hüquqlardan məhrum edib, təzyiq altında saxlayıb, azərbaycanlı fəallar təqib olunub, cəzalandırılıb. İran 30 illik işğal dövründə Ermənistanın təcavüzkar siyasətinə dəstək verib, Azərbaycanın Tehrandakı səfirliyinə terror aktı həyata keçirilib. Amma Azərbaycan regionun rifahı naminə normal qonşuluq, əməkdaşlıq təklifini gündəmdə saxlayıb.
Üstəlik, rəsmi Bakı heç vaxt Azərbaycan ərazisindən İrana qarşı istfadə olunmasına imkan verməyib. Bu gün də eyni siyasət davam edir. Bu reallıqlar fonunda İranla Amerika-İsrail koalisiyası arasındakı müharibə ilə heç bir əlaqəsi olmayan suveren bir dövlətin mülki infrastrukturuna zərbə heç bir halda qəbul edilə bilməz. Mülki infrastruktura dron hücumu təşkil etmək acizlik və qorxaqlıq əlamətidir. İran Naxçıvan Muxtar Respublikasına dron hücumu etməklə öz mərliniyyətini bir daha və bu məsələnin Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycanın Təhlükəsizlik Şurasının iclasında müzakirə olunması rəsmi Bakının dövlət təhlükəsizliyi məsələlərinə nə qədər həssas yanaşdığını təsdiqlədi. Naxçıvan Azərbaycanın strateji baxımdan ən həssas bölgələrindən biridir. Coğrafi baxımdan blokada şəraitində yerləşən bu bölgə eyni zamanda regionun mühüm geosiyasi hissəsi sayılır. Belə bir əraziyə qarşı pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücum, təkcə lokal insident deyil, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş terror aktıdır. Prezident İlham Əliyev də bəyan etdi ki, “Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir”.
Prezident İlham Əliyev tərəfindən səsləndirilən sərt mesajlar konkret hadisəyə münasibət olmaqla yanaşı, həm də İran başda olmaqla ölkəmizə qarşı təxribatçı mövqedə olan bütün qüvvələrə xəbərdarlıq idi.
Rəsmi Bakı bu hadisəyə dərhal siyasi və diplomatik reaksiya verdi. Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı açıq şəkildə bildirdi ki, Azərbaycan öz sərhədlərinin toxunulmazlığını təmin etmək üçün bütün zəruri addımları atmağa qadirdir. Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Silahlı Qüvvələrinin bir nömrəli səfərbərlik halına gətirilməsi bunu sübut edir. Bu mövqe həm ölkə daxilində təhlükəsizlik sisteminin gücləndirilməsini göstərir, həm də region ölkələrinə açıq mesajdır.
Azərbaycan tərəfi hər zaman qonşuluq münasibətlərində təmkinli və konstruktiv mövqe nümayiş etdirmişdir. Lakin 5 mart hadisəsi bütün qırmızı xətlərin keçilməsidir. Əgər rəsmi Tehran regionda həqiqətən də sabitliyin bərqərar olmasını istəyirsə, törədilmiş bu terror aktına görə tam məsuliyyət daşımalı, hadisəni törədən və ona əmr verən günahkarların ən sərt şəkildə cəzalandırılmasını təmin etməlidir. Əks təqdirdə, Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün beynəlxalq hüquq çərçivəsində bütün adekvat addımları atmaq hüququnu özündə saxlayır.
Saleh Məhərrəmov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri