Ermənistanın Baş naziri Nikol Paşinyanın Gürcüstana səfəri bir neçə əlamətdar anla yadda qaldı. Ermənistan mediasının məlumatına görə, Gürcüstanın Baş naziri ilə görüşündən sonra keçirilən mətbuat konfransında Nikol Paşinyan bildirib ki, "bütün bu müddət ərzində Ermənistanla Azərbaycan arasında davam edən sülh prosesinə verdiyi dəstəyə görə Kobaxidzeyə bir daha təşəkkür etmək istəyirəm”.
"Həmçinin, Gürcüstan dövlətinə və xalqına davamlı dəstəyinə görə təşəkkür etmək istəyirəm. Və bu dəstək davam edir, biz bunu görürük. Bilirsiniz ki, Ermənistanla Azərbaycan arasında iqtisadi əlaqələr Gürcüstanın dəstəyi ilə qurulur və bu, minnətdarlığa layiqdir və bizim tərəfimizdən yüksək qiymətləndirilir", - deyə o bildirib.
Cənubi Qafqaz və qonşu ölkələrdən olan ekspertlər Paşinyanın açıqlaması barədə nə düşünürlər? Beynəlxalq məsələlər üzrə ekspert və politologiya namizədi Teymuraz Qarişvili Caliber.az-a şərhində Cənubi Qafqazda həqiqətən də xüsusi geosiyasi dövrlərin gəldiyi və tamamilə yeni bir dəyişiklik, dialoq və əməkdaşlıq dövrünün başladığına əminliyini ifadə edib.
"Bu dövrü tarixi adlandırmaq olarmı? Bəlkə də belədir, çünki biz indi yeni bir reallığa qədəm qoyuruq, burada Gürcüstan tamamilə yeni bir missiya ilə hərəkət edir- yəni, bu yaxınlarda olduğu kimi, Bakı ilə Yerevan arasında danışıqların növbəti mərhələsi üçün platforma kimi deyil, əksinə, iki ölkənin yaxın praktik məqsədlərinə töhfə verir. Buraya, xüsusən də, Azərbaycan mallarının Ermənistana çatdırılması üçün dəmir yollarının istifadəyə verilməsi daxildir.
Əlbəttə ki, bölgəmizin bütün xalqları uzun müddətdir ki, buna çalışırlar və Paşinyanın vurğuladığı kimi, Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh prosesinin dəstəklənməsi və irəliləməsinə töhfə verib, çünki Tbilisi həmişə regionun tam inkişafı üçün bütün qonşular arasında diplomatik və iqtisadi əlaqələrin bərpası, eləcə də dostluq, qarşılıqlı anlaşma və etimad mühitinin yaradılması tələb olunduğunu çox yaxşı başa düşüb.
İndi Bakı, Yerevan və Tbilisi üçtərəfli dialoqda sərbəst şəkildə iştirak edə və bu yaxınlarda qeyri-mümkün görünən, sadəcə imkanlar dairəsindən kənar mövzuları müzakirə edə bilərlər. Əlbəttə ki, bir çox məsələlər, o cümlədən Azərbaycan və Ermənistan cəmiyyətləri arasında etimad səviyyəsi qalmaqdadır, lakin bunların hamısı həll edilə bilən problemlərdir. Münasibətlərdə bir rubikon keçilib və mən inanıram ki, çox tezliklə üç ölkə tam hüquqlu üçtərəfli dialoq üçün bir araya gələcək",- deyə T. Qarişvili bildirib.
Eyni zamanda, qırğız politoloqu, politologiya namizədi və şərqşünas Umar Mutaliyev qeyd edib ki, Mərkəzi Asiya Cənubi Qafqazdakı hadisələri böyük nikbinliklə izləyir.
"Zəngəzur Dəhlizinin qarşıdan gələn açılışı beynəlxalq ticarət və nəqliyyat tranzitinin inkişafı üçün böyük imkanlar açır. Eyni zamanda, Orta Dəhlizin özü və onun regionlarımızın ümumi bağlantısı daxilində funksionallığının yaxşılaşdırılması üçün görülən bütün işlər son dərəcə əhəmiyyətlidir.
Bundan əlavə, Azərbaycan və Ermənistan arasında münasibətlərin sürətlə bərpası regionlarımız arasında nəqliyyat kommunikasiyalarından kənarda davam edən əməkdaşlıqla uğurla tamamlanır. Buraya, məsələn, Bakı ilə Orta Asiya ölkələri arasında diplomatiya və iqtisadiyyatdan turizm və mədəniyyətə qədər geniş aspektləri əhatə edən dialoqun qurulduğu C6 formatı daxildir.
İnanıram ki, bu paralel proseslər Orta Dəhliz ətrafında unikal bir məkanın yaradılmasına töhfə verəcək, burada Xəzər dənizinin hər iki tərəfindəki ölkələr qrupları tamamilə yeni bir əlaqə və tərəfdaşlıq səviyyəsini aktiv şəkildə quracaqlar. Bu firavan və sabit gələcəyin təməli, şübhəsiz ki, türk dövlətləri arasında dostluq və qarşılıqlı anlaşma üzərində qurulub, baxmayaraq ki, beynəlxalq maliyyə və iqtisadi vəziyyətdən asılı olmayaraq, iki bölgə ölkəsinin ahəngdar şəkildə inkişaf etməyə başlaması və ya ən azı bu şərtləri məharətlə tarazlaşdıra bilməsi üçün hələ çox iş görülməlidir”,- deyə Ü.Mütəliyev yekunlaşdırıb.
Tərcümə - Elçin Bayramlı