PDF Oxu

Siyasət

  • 1 103

Azərbaycan enerji siyasətini uğurla davam etdirir - ŞƏRH

image

Enerji resurslarının səmərəli idarə olunması, onların təhlükəsiz və dayanıqlı şəkildə dünya bazarlarına çıxarılması prioritet siyasətin əsas komponentlərindəndir. Bu istiqamətdə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan dünyada etibarlı tərəfdaş imici qazanıb. Bu baxımdan Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurasının iclasları ölkəmizin bu sahədə həyata keçirdiyi siyasətin mühüm göstəricilərindən biridir.

İclasda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, regionda bütün çətinliklərə və mürəkkəb şəraitə baxmayaraq, Azərbaycanın və tərəfdaşlarının bir sıra ölkələr üçün təmin etdiyi enerji təhlükəsizliyi artıq gündəlik həyatda hiss olunan reallığa çevrilib. Prezident İlham Əliyevin sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsindən artıq on ildən çox vaxt keçir. Bu müddət ərzində layihə yalnız enerji infrastrukturu deyil, həm də ölkələr arasında strateji əməkdaşlıq platformasına çevrilib. Enerji təhlükəsizliyi məsələlərinin müzakirəsi və ortaq qərarların qəbul edilməsi bu platformanın əsas məqsədidir. Son illərdə dünyada baş verən geosiyasi hadisələr enerji təhlükəsizliyinin əhəmiyyətini daha da artırıb. Bu şəraitdə Azərbaycan və tərəfdaş ölkələr birgə fəaliyyət göstərərək bir sıra dövlətlərin enerji təminatına mühüm töhfə veriblər.

Hazırda əsas məsələlərdən biri Cənub Qaz Dəhlizinin, xüsusilə Trans-Adriatik Boru Kəmərinin ötürücülük qabiliyyətinin 20 milyard kubmetrə çatdırılmasıdır. Bunun üçün maliyyələşmə tələb olunur. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, Avropanın reallaşmayan planları səbəbindən neft-qaz layihələrinin maliyyələşdirilməsi hələ də tam bərpa edilməyib. Halbuki 2025-ci ildə ixrac olunan qazın 51 faizi Avropa ölkələrinin payına düşüb.

Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan tədarük həcmlərini artıra bilər. Lakin bunun üçün mövcud qaz nəqli infrastrukturu genişləndirilməlidir, çünki Cənub Qaz Dəhlizi hazırda tam yüklənib.Dövlət başçısı əlavə edib ki, bu il AÇG-nin dərin qatlarında qaz hasilatına başlanacaq, 2–3 ildən sonra “Abşeron” yatağının tammiqyaslı işlənməsi gözlənilir və hasilat üç dəfə artacaq. “Ümid” yatağının ikinci mərhələsi və 2028-ci ildə “Şahdəniz” yatağının yeni mərhələsi əlavə olaraq 10–15 milyard kubmetr qaz hasil etməyə imkan verəcək.

Prezident İlham Əliyev çıxışında enerji siyasətində realizm və praqmatizm prinsipinin vacibliyini vurğulayıb. Dövlət başçısının sözlərinə görə, qazıntı yanacağı ilə bərpaolunan enerji mənbələrinin balansı qorunmalıdır. Çünki enerji təhlükəsizliyi yalnız bir mənbəyə əsaslana bilməz.

Dövlət başçımızın qeyd etdiyi kimi, istehsalçı, tranzit və istehlakçı ölkələr arasında formalaşmış qarşılıqlı fayda prinsipi hər bir layihənin uğurunun əsas dayağıdır. Azərbaycanın iştirak etdiyi meqalayihələrdə isə, bu model klassik enerji münasibətlərindən fərqli olaraq, daha çox tərəfdaşlıq ruhuna əsaslanır. Məhz bu səbəbdən Cənub Qaz Dəhlizi artıq tam gücü ilə işləyir və mövcud infrastruktur artan tələbat fonunda genişləndirilmə perspektivləri ilə müzakirə olunur. Yeni interkonnektorlar və əlavə ötürücülük imkanları isə gələcək illərdə layihənin əhatə dairəsini daha da genişləndirə bilər.

Dövlət başçısını çıxışı və diqqətə çatdırdığı məsələlər onu deməyə əsas verir ki, Azərbaycan yeni geosiyasi proseslərin fonunda enerji siyasətini uğurla davam etdirir və bu sahənin inkişafı ilə bağlı addımlar atır.

Mətanət Səfərli,

YAP Nəsimi rayon təşkilatının əməkdaşı

Digər xəbərlər