Martın 5-də İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən pilotsuz uçuş aparatları ilə hücum açıq şəkildə dövlət səviyyəsində törədilmiş təxribat və terror aktıdır. Mülki obyektlərin – hava limanının, məktəblərin və dinc insanların istifadə etdiyi infrastrukturun hədəfə alınması beynəlxalq hüququn, humanitar prinsiplərin və ən sadə qonşuluq qaydalarının kobud şəkildə tapdanması deməkdir.
Azərbaycan dövləti illərdir ki, İranın müxtəlif dövrlərdə nümayiş etdirdiyi qeyri-dost addımlara baxmayaraq, təmkinli və məsuliyyətli siyasət yürüdüb. Ermənistan-Azərbaycan münaqişəsi dövründə İranın Ermənistana müxtəlif formalarda dəstək verməsi, Azərbaycan əleyhinə informasiya kampaniyalarının aparılması, sərhəddə təxribat xarakterli addımlar atılması hamıya məlumdur. Buna baxmayaraq, Azərbaycan regionda sabitliyi qorumaq naminə daim soyuqqanlı mövqe nümayiş etdirib.
Hətta Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumundan sonra belə rəsmi Bakı münasibətləri daha da gərginləşdirməmək üçün təmkin nümayiş etdirdi. Son günlərdə isə İran daxilində baş verən hadisələr fonunda Azərbaycan yenə də humanist və məsuliyyətli mövqe tutaraq, qonşu dövlətə qarşı öz ərazisindən istifadə edilməsinə heç vaxt imkan verməyəcəyini açıq şəkildə bəyan etdi. Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev İran rəhbərliyinə başsağlığı verməklə də humanist və səmimi münasibətini nümayiş etdirdi.
Lakin bütün bunların qarşılığında Azərbaycanın Naxçıvan ərazisinə qarşı həyata keçirilən hücum İran hakimiyyətinin qeyri-adekvat və təhlükəli siyasətinin növbəti göstəricisidir. Əsas rəqiblərinə qarşı açıq mövqe sərgiləməyə cəsarət etməyən rejimin regionda zəif hesab etdiyi dövlətlərə qarşı təxribatlara əl atması onun siyasi mahiyyətini bir daha ortaya qoyur.
Mülki insanlara, məktəblərə və hava limanlarına qarşı hücum etmək nə hərbi qəhrəmanlıqdır, nə də siyasi güc göstəricisi. Bu, sadəcə olaraq acizlik və məsuliyyətsizliyin təzahürüdür. İslam dininin adından danışan bir rejimin dinc insanlara qarşı belə addımlar atması isə həm dini, həm də mənəvi dəyərlərin açıq şəkildə tapdanmasıdır.
Azərbaycan dövləti bu hücumu qətiyyətlə pisləyir və İran tərəfindən dərhal izahat verilməsini, məsul şəxslərin müəyyən edilərək cəzalandırılmasını tələb edir. Bu cür addımlar təkcə iki ölkə arasındakı münasibətlərə deyil, bütövlükdə regionda sabitliyə ciddi təhlükə yaradır.
Azərbaycan xalqı isə yaxşı bilir ki, ölkəsinin təhlükəsizliyi və suverenliyi qorunur. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı bütün dünya Azərbaycanın gücünü və iradəsini gördü. Bu gün də hər kəs anlamalıdır ki, Azərbaycan xalqını və dövlətini təhdid edən istənilən qüvvə gec-tez bunun cavabını alacaq.
Azərbaycan heç vaxt təcavüzkar siyasət yürütməyib, lakin öz təhlükəsizliyini və vətəndaşlarının həyatını qorumaq üçün lazım olan bütün addımları atmağa qadirdir. Tarix dəfələrlə sübut edib ki, Azərbaycanı sınamaq istəyənlər sonunda “Dəmir yumruq”un gücünü hiss ediblər.
Bu gün də Azərbaycan xalqı əmin olmalıdır: dövlətimizin iradəsi, ordumuzun gücü və xalqımızın birliyi istənilən təhlükəyə qarşı ən böyük təminatdır. Kim Azərbaycanı hədələmək fikrinə düşürsə, unutmasın – bu xalq özünü müdafiə etməyi bacarır və lazım gəldikdə “Dəmir yumruq” yenidən danışacaq.
Böyükağa Axundov
Yeni Azərbaycann Partiyası Lənkəran rayon təşkilatı
Siyasi təhlil,maarifləndirmə və seçkilərlə əlaqədar iş üzrə məsləhətçi