Tariximizin ən mürəkkəb dönəmlərində istər dövlət quruculuğunda, istərsə də milli azadlıq hərəkatlarında Azərbaycan qadını heç vaxt sadəcə seyirci qalmamış, hadisələrin mərkəzində dayanan əsas simalardan biri olmuşdur.
Azərbaycan tarixi düşmən qarşısında geri çəkilməyən, dövlət idarəçiliyində söz sahibi olan Tomris ana kimi, diplomatik zəkası ilə müharibələrin qarşısını alan, bölgədə sülhün qarantına çevrilən Sara Xatun kimi, xeyriyyəçilik, maarifçilik hərəkatının rəhbərinə çevrilən və Qarabağın ictimai həyatında silinməz iz qoyan Xurşidbanu Natəvan kimi şəxsiyyətlərlə zəngindir.
XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan qadını üçün vətəndaşlıq mövqeyi cəhalətə qarşı mübarizə demək idi. 1918-ci ildə Şərqdə ilk dəfə qadına seçki hüququnun verilməsi Azərbaycan qadınının cəmiyyətdəki fəal rolunun hüquqi təsdiqi idi. Hələ o dövrdə Şəfiqə Əfəndizadə, Xədicə Ağayeva və Hənifə Məlikova kimi ziyalılarımız qadınların savadlanması və ictimai proseslərə qoşulması üçün mübarizə aparırdılar. Onlar üçün vətəndaşlıq – xalqın cəhalətdən qurtulması və milli oyanış yolunda fədakarlıq etmək idi.
İndi fəal vətəndaşlıq mövqeyi sərgiləyən Azərbaycan qadını həmin böyük irsin varisidir. O, təkcə ailə daxilində deyil, beynəlxalq tribunalarda Azərbaycanın haqq səsini ucaldan, elmdə, mədəniyyətdə və hərb sahəsində dövlət bayrağını qürurla daşıyan bir qüvvədir. Tarix sübut edir ki, Azərbaycan qadını hər zaman çətin anlarda məsuliyyəti üzərinə götürməyi bacaran, cəmiyyəti öz arxasınca aparan sarsılmaz bir iradəyə malikdir.
Azərbaycan qadını üçün fəal vətəndaşlıq milli kimliyi qorumaqla yanaşı, bəşəri dəyərlərə töhfə vermək bacarığıdır. Fəal vətəndaş olan Azərbaycan qadını həm də uğurlu sahibkar, alim və texnologiya mütəxəssisidir. O, təkcə fərdi uğur qazanmır, həm də yaratdığı iş yerləri, hazırladığı elmi layihələr və sosial təşəbbüslərlə cəmiyyətin ümumi rifahına xidmət edir.
Azərbaycan qadınının fəal vətəndaşlıq mövqeyinin ən uca və genişmiqyaslı nümunəsi Birinci vitse-prezident Mehriban xanım Əliyevadır. Onun fəaliyyəti təkcə dövlət idarəçiliyi ilə məhdudlaşmır, həm də dərin humanizm və milli təəssübkeşlik üzərində qurulub. Mehriban xanım Azərbaycanın milli-mənəvi dəyərlərini, muğamını, xalçasını və tarixi abidələrini dünya miqyasında tanıtdırmaqla "yumşaq güc" diplomatiyasının ən uğurlu icraçısıdır. Bu, vətəndaşlıq mövqeyinin mədəniyyət müstəvisində təzahürüdür.
Prezident İlham Əliyev müxtəlif beynəlxalq forumlarda və daxili görüşlərdə Azərbaycan qadınının obrazını belə xarakterizə edir: "Azərbaycan qadını öz fəaliyyəti ilə, öz biliyi və bacarığı ilə cəmiyyətimizdə çox hörmətli yer tutub. Artıq Azərbaycan qadını dövlət quruculuğunda, ictimai işlərdə çox fəal iştirak edir."
Bu yanaşma qadınların özünəinamını artırmaqla yanaşı, onların qərarvermə proseslərindəki rolunu da qanuniləşdirir. Prezidentin qadınların idarəetmədə, parlamentdə və yerli icra hakimiyyəti orqanlarında təmsilçiliyinin artırılmasına verdiyi tapşırıqlar fəal vətəndaşlıq üçün real platformalar yaradıb.
Cənab Prezidentin fəal vətəndaşlıq mövqeyi sərgiləyən qadınlara olan xüsusi diqqəti ən çox 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə özünü büruzə verdi. Şəhid analarına, xanımlarına göstərilən dövlət qayğısı, müharibə veteranı olan qadınların təltif edilməsi göstərdi ki, dövlət hər bir fədakar qadının arxasında dayanır.
Azərbaycan qadınının keçdiyi tarixi yol, sərgilədiyi sarsılmaz vətəndaşlıq mövqeyi və dövlət rəhbərliyinin ona verdiyi sonsuz etimad vahid bir həqiqəti ortaya qoyur: Güclü qadın – güclü dövlət deməkdir.
Bu gün elmdə, siyasətdə, orduda və xeyriyyəçilikdə fəaliyyət göstərən, öz sözünü deyən hər bir Azərbaycan qadını əslində gələcəyin qızları üçün canlı bir dərslikdir. Mehriban xanım Əliyevanın humanistliyi, Leyla Əliyevanın enerjili təşəbbüsləri və minlərlə adsız qəhrəman qadınımızın fədakarlığı böyüməkdə olan nəslə mühüm mesajlar ötürür: Azərbaycan qadını öz fəal mövqeyi ilə sübut edir ki, o, yalnız ailə ocağının qoruyucusu deyil, həm də cəmiyyətin tərəqqi mühərrikidir. Tarixin dərinliklərindən gələn Tomris cəsarəti və Natəvan müdrikliyi müasir Azərbaycan qadınının simasında birləşərək, gələcək nəsillərə daha parlaq, daha firavan və daha güclü bir yol açır. Azərbaycan qadını təkcə bu günü qurmur, həm də öz örnək davranışları ilə sabahın fəal vətəndaşlarını – Azərbaycanın gələcək qurucularını yetişdirirlər.
Türkanə Kərimova
YAP Babək rayon təşkilatının əməkdaşı