Gender bərabərliyi anlayışı cinsindən asılı olmayaraq insanların bərabər hüquq, vəzifə və imkanlarını ehtiva edir. Cəmiyyətin inkişafında əhəmiyyətli rol oynayan bu faktor təhsil, işəgötürmə və karyeraya bərabər çıxışın təmin edilməsi üçün vacib amillərdəndir. Aparılan tədqiqatlar göstərir ki, yüksək gender bərabərliyi səviyyəsinə malik ölkələr daha dayanıqlı iqtisadi göstəricilərə malikdirlər.
Gender bərabərliyi siyasəti qadın və kişilərin (habelə bütün gender kimliklərinin) hüquq və imkanlar baxımından bərabərliyini təmin etməyə yönəlmiş dövlət və ictimai strategiyaların məcmusudur. Bu siyasətin əsas məqsədi hüquqi, iqtisadi, sosial və siyasi sahələrdə ayrı-seçkiliyin aradan qaldırılması, bərabər imkanların yaradılması və davamlı inkişafın təmin edilməsidir. Gender bərabərliyi bioloji fərqlərin inkarı deyil; əksinə, cəmiyyətdə formalaşmış stereotiplərin və struktur maneələrin aradan qaldırılmasını nəzərdə tutur. Bu anlayış insan hüquqlarının ayrılmaz tərkib hissəsidir və beynəlxalq səviyyədə mühüm sənədlərlə təsbit olunmuşdur.
Qadınlar və qızlar dünya əhalisinin yarısını və deməli, potensialının da yarısını təşkil edirlər. Gender bərabərliyi fundamental insan hüququ olmaqla yanaşı, tam insan potensialına və davamlı inkişafa nail olmaq üçün vacib şərtlərdən biridir. Bundan əlavə, qadınların səlahiyyətlərinin artırılması məhsuldarlığa və iqtisadi artıma böyük təkan verdiyi sübut olunmuşdur. 10 dekabr 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi ilə gender bərabərliyi beynəlxalq insan hüquqları sisteminin bir hissəsi olmuşdur.
Qadın və kişilərin sosial vəziyyətindəki fərqlər, onların hüquqlarının bərabər olmaması əsrlər boyu yanlış olaraq bioloji səbəblərlə izah edilib. Halbuki gender bərabərliyi qadın və kişilər arasında bərabərliyə deyilir və aşağıdakıları nəzərdə tutur: bərabər maddi rifah; bərabər imkanlar; dəyərlərin oxşar sistemi; qərarların qəbul edilməsi prosesində bərabərhüquqlu iştirak; resurslara və qazanclara bərabərhüquqlu nəzarət. Gender bərabərliyi dedikdə, heç də kişi və qadının eyni cür davranışı nəzərdə tutulmur. Sadəcə, insanın kişi və ya qadın doğulmasından asılı olmayaraq, bərabər hüquqa malik olması önə çəkilir. Yəni, insanın qadın doğulması hər hansı məhdudiyyətə səbəb olmamalı, eyni zamanda, gender bərabərliyi kişilərə qarşı cinsi ayrı-seçkiliyi və izolyasiyasını nəzərdə tutmamalıdır. Gender bərabərliyi siyasəti yalnız qadınların hüquqlarının müdafiəsi deyil, bütövlükdə cəmiyyətin inkişaf strategiyasıdır.
İlkin Bağırov
YAP Babək rayon təşkilatının əməkdaşı