PDF Oxu

Siyasət

  • 1 359

Azərbaycan qadınının cəmiyyətdə rolu - ŞƏRH

image

Azərbaycan tarixində qadınlar yalnız ailənin deyil, cəmiyyətin də inkişafında mühüm rol oynamışdır. Hər il mart ayının 8-i dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Bu əlamətdar gün qadınların cəmiyyətin inkişafındakı mühüm rolunu onların zəhmətini və fədakarlığını bir daha xatırlatmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda isə bu gün yalnız bayram deyil, həm də qadınların tarix boyu göstərdiyi qəhrəmanlıq, müdriklik və yaradıcı fəaliyyətin qiymətləndirilməsi üçün bir fürsətdir .

Azərbaycan qadını tarix boyu ailənin dayağı, cəmiyyətin mənəvi sütunu və dövlətin inkişafında fəal iştirakçı olmuşdur. Qədim dövrlərdən başlayaraq Azərbaycan qadınları təkcə ailə həyatında deyil, həm də ictimai, siyasi və mədəni sahələrdə öz sözlərini demiş, ölkənin inkişafına mühüm töhfələr vermişlər. Onların fəaliyyəti Azərbaycan tarixinin müxtəlif mərhələlərində parlaq nümunələrlə özünü göstərmişdir. Qarabağ xanlığının tanınmış şəxsiyyətlərindən biri olan Xurşidbanu Natəvan, Məhsəti Gəncəvi kimi şairələr Azərbaycan ədəbiyyatında böyük izlər qoymuşlar. Sara Xatun ağıllı və bacarıqlı diplomat kimi dövlət idarəçiliyində rol oynamışdır.

Vətənimizin müdafiəsində də qadınların rolu olmuşdur. Onlar çətin dövrlərdə xalqımızın yanında olmuş və vətənimizə xidmət etmişlər. Azərbaycan tarixində qadınların rolu son dərəcə böyük və əhəmiyyətlidir. Bu gün ölkəmizdə minlərlə qadın müəllim, alim, həkim və ictimai xadim kimi cəmiyyətin inkişafına töhfə verir. Onlar gələcək nəslin tərbiyəsində, milli – mənəvi dəyərlərin qorunmasında və Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında özünü büruzə verir .

8 Mart – Beynəlxalq Qadınlar Günü Azərbaycan cəmiyyətində xüsusi hörmət və ehtiramla qeyd olunur. Bu gün qadınların zəhməti, onların ailə və cəmiyyət həyatındakı əvəzsiz rolu bir daha vurğulanır. Azərbaycan qadını həm ana kimi, həm də vətəndaş kimi yüksək mənəvi keyfiyyətləri ilə seçilir. O, ailənin tərbiyə ocağı olmaqla yanaşı, eyni zamanda cəmiyyətin inkişafında fəal iştirak edən bir şəxsiyyətdir.

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə bütün Azərbaycan qadınlarını ürəkdən təbrik edir, onlara sağlamlıq, xoşbəxtlik arzulayırıq. Azərbaycan qadını hər zaman öz müdrikliyi, sədaqəti və gücü ilə cəmiyyətimizin ən böyük dəyərlərindən biri olaraq qalacaqdır.

Səbinə İsmayılova

YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü

Digər xəbərlər