Azərbaycan yalnız zəngin enerji ehtiyatlarına malik ölkə kimi deyil, eyni zamanda bu ehtiyatların beynəlxalq bazarlara təhlükəsiz və sabit şəkildə çatdırılmasını təmin edən etibarlı tranzit mərkəzi kimi də mühüm mövqeyə sahibdir. Ölkəmizin əlverişli coğrafi mövqeyi, düşünülmüş enerji siyasəti və beynəlxalq əməkdaşlığa açıq strategiyası Azərbaycanı regionun enerji xəritəsində əsas oyunçulardan birinə çevirib.
Xəzər hövzəsində yerləşən enerji resurslarının dünya bazarına çıxarılması üçün həyata keçirilən iri layihələr Azərbaycanın tranzit imkanlarını daha da gücləndirib. Bu baxımdan xüsusilə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri mühüm əhəmiyyət daşıyır. Aralıq dənizinə qədər uzanan bu strateji xətt təkcə Azərbaycan neftinin deyil, ümumilikdə region ölkələrinin enerji resurslarının da təhlükəsiz daşınmasına şərait yaradır. Bununla yanaşı, Bakı–Tbilisi–Ərzurum qaz kəməri Cənubi Qafqazın enerji xəritəsində xüsusi yer tutur və təbii qazın beynəlxalq bazarlara çıxışında körpü rolunu oynayır.
Son illərdə reallaşdırılan ən mühüm təşəbbüslərdən biri isə Cənub Qaz Dəhlizidir. Bu dəhlizin əsas seqmentlərindən olan Trans-Anadolu Qaz Boru Kəməri və Trans-Adriatik Qaz Boru Kəməri vasitəsilə Azərbaycan qazı Avropa bazarına birbaşa çatdırılır. Bu layihələr nəticəsində ölkəmiz Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaşa çevrilmişdir. Enerji marşrutlarının şaxələndirilməsi, alternativ təchizat yollarının yaradılması və uzunmüddətli müqavilələr Azərbaycanın etibarlı tərəfdaş imicini daha da möhkəmləndirib.
Azərbaycanın enerji siyasətinin əsas prinsiplərindən biri sabitlik və qarşılıqlı fayda üzərində qurulmuş əməkdaşlıqdır. Bu siyasətin təməlində isə Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan neft strategiyası dayanır. Hazırda bu kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə enerji infrastrukturu müasir standartlara uyğun yenilənir, yeni investisiyalar cəlb olunur və tranzit potensialı daha da genişləndirilir.
Azərbaycanın etibarlı tranzit ölkəsi kimi rolu yalnız iqtisadi dividendlərlə məhdudlaşmır. Bu, həm də ölkəmizin geosiyasi əhəmiyyətini artırır, regional əməkdaşlığı təşviq edir və sabitliyə töhfə verir. Enerji layihələri ətrafında formalaşan tərəfdaşlıq platformaları müxtəlif dövlətlər arasında siyasi dialoqun və qarşılıqlı etimadın güclənməsinə xidmət edir.
Eyni zamanda, Azərbaycan yaşıl enerji istiqamətində də mühüm addımlar atır. Bərpaolunan enerji mənbələrinin inkişafı, elektrik enerjisinin ixracı imkanlarının genişləndirilməsi və yeni enerji dəhlizlərinin formalaşdırılması ölkəmizin gələcəkdə də etibarlı enerji və tranzit mərkəzi statusunu qoruyub saxlayacağını göstərir.
Beləliklə, Azərbaycan bu gün yalnız enerji istehsalçısı deyil, həm də regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan etibarlı tranzit ölkəsidir. Uğurla həyata keçirilən strateji layihələr, davamlı siyasi iradə və beynəlxalq tərəfdaşlıq ölkəmizin enerji diplomatiyasını daha da gücləndirir və onu qlobal enerji xəritəsində vacib mövqedə saxlayır.
Rauf Nəcəfov
YAP Sədərək rayon təşkilatının məsləhətçisi